AZ

“Azərbaycan müəllimi” qəzeti başlıca məqsədini qoruyub saxlaya bildi

"Azərbaycan müəllimi" qəzetinin 90 yaşı tamam olur. Özünün müdriklik çağını yaşayan "Azərbaycan müəllimi" 1934-cü il sentyabrın 2-də "Qommunist məarifi" ("Kommunist maarifi") adı ilə nəşr olunmağa başlayıb.

 

Sonrakı dövrdə, 1938-1941-ci illərdə "Müəllim qəzeti" adı ilə çap olunub, 1946-cı ilin aprelindən bu günə kimi isə "Azərbaycan müəllimi" adı ilə fəaliyyət göstərir. Qəzetin əsas məramı ölkəmizdə xalq maarifinin, təhsilin inkişafına xidmət olub.

 

Bu münasibətlə AzEdu.az-a danışan deputat Musa Qasımlı qeyd edib ki, Azərbaycan mətbuat tarixində “Azərbaycan müəllimi” qəzetinin özünəməxsus yeri var:

 

“Bu qəzet hər bir məktəbdə oxunan birinci qəzetdir. Ölkəmizin pedaqoji işçiləri təhsillə bağlı ən mühüm məlumatları bu qəzetdən alırlar. Uzun illər boyu  qəzetin yaxşı bir kolletivi formalaşıb. Müsbət haldır ki, onlar ənənələri yeni şəraitə uyğun olaraq davam etdirirlər. 90 illik münasibəti ilə “Azərbaycan müəllimi”qəzetinin kolletivini təbrik edir, yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulayıram”.

 

Təhsil eksperti Nadir İsrafilov bildirilib ki, bir əsrə yaxın yaşı olan "Azərbaycan müəllimi" qəzeti fəaliyyət göstərdiyi dövrdə şərəfli bir yol keçmiş, təhsilin, mədəniyyətin, pedaqoji ənənələrin formalaşmasında əvəzsiz xidmətləri olmuş, çoxminli oxucuların rəğbətini qazanıb:

 

“Orta məktəb şagirdi kimi ilk yazım “Göyərçin” jurnalında, kənd müəllimi kimi isə “Azərbaycan müəllimi” qəzetində dərc olunub.Mən də müəllim işləmişəm, ancaq cəmi 5 il... Bu gün də təəssüflənirəm ki, bu müqəddəs və şərəfli missiyanın daşıyıcısı olmaq mənə cəmi 5 il müddətinə nəsib olub. Bununla belə, bu qısa zaman kəsiyində müəllim olmağın nə demək olduğunu dərindən anlamışam, çünki, onun bütün acılı, şirinli anlarını yaşamışam.

 

Bir də ki, məndən asılı olmayaraq, idarəetmə sahəsində əsasən təhsillə bağlı qulluqçu vəzifələrə çəkilməyimə baxmayaraq, daim əsasən müəllimlər arasında olmuşam, onların bütün qayğılarına, istək və arzularına  kifayət qədər bələdəm. Bircə onu bilirəm ki, bu gün bəlkə də, müəllim qədər diqqət və qayğıya ehtiyacı olan ikinci peşə sahibi yoxdur. Bu diqqət və qayğını daim diqqətdə saxlayan və müəllim peşəsinə qayğı ilə yanaşan mətbu orqanı kimi “Azərbaycan müəllimi” qəzetinin rolu əvəzsizdir”.

 

 

N.İsrafilovun sözlərinə görə elektron medianın üstün inkişafı heç şübhəsiz ki, digər yazılı mediaya olduğu kimi, “Azərbaycan müəllimi”nə təsirsiz ötüşməyib:

 

“Danılmaz faktdır ki, bir əsrə yaxın yaşı olan "Azərbaycan müəllimi" qəzeti fəaliyyət göstərdiyi dövrdə şərəfli bir yol keçmiş, təhsilin, mədəniyyətin, pedaqoji ənənələrin formalaşmasında əvəzsiz xidmətləri olmuş, çoxminli oxucuların rəğbətini qazanmışdır. Bir çox maarifpərvər ziyalılarımızın müxtəlif məsələlər haqqında fikir və mülahizələrinin geniş ictimaiyyətə çatdırılmasında "Azərbaycan müəllimi" əhəmiyyətli rol oynayıb. Bir vaxtlar onun da bilavasitə şahidi olmuşam ki, bu qəzeti almaq üçün insanlar səhərin gözü açılmamış, qəzet köşklərinin qarşısında növbəyə durardılar.

 

Müəllimlərin əksəriyyəti "Azərbaycan müəllimi"nə illik abunə yazılardılar. Elektron medianın üstün inkişafı heç şübhəsiz ki, digər yazılı mediaya olduğu kimi, “Azərbaycan müəllimi”nə təsirsiz ötüşməyib. Bununla belə, bu qəzet hər iki versiyada öz ənənələrini saxlaya, özünəməxsus üslubuna, dəsti- xəttinə, başlıcası isə məramına, amalına sədaqəti qoruyub saxlaya bildi.

 

Yəqin ki, bu gün Nizami Kino Mərkəzində keçiriləcək tədbirdə, tədbir iştirakçılarının "Azərbaycan müəllimi" ilə bağlı təbriklərinin və xoş sözlərinin bilavasitə şahidi olaçağıq. Fürsətdən istifadə edərək, mən də bu qəzetin fəal oxucularından biri kimi “Azərbaycan müəllimi” qəzetinin yaradıcı və işgüzar kollektivini 90 illik yubiley münasibətilə təbrik edir, təhsilimizin daha da inkişafı və tərəqqisi yolunda yorulmaz və səmərəli fəaliyyət  arzulayıram”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
azedu.az

1Mənbələr