Planlı təmir işləri nəticəsində Türkiyənin qərbində, İzmir şəhərinə yaxın olan Əliağa liman bölgəsində SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodunun (NEZ) istehsalat gücü 2,5% artırılacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə “Petkim” neft-kimya kompleksinin (12%-lik payla NEZ-in dolayı səhmdarı) Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşdirdiyi elanda bildirilir.
Məlumata görə, neft emalı zavodunda bu gündən etibarən dövri planlı təmir işlərinə başlanılıb. Bu baxımdan NEZ-in bütün istehsalat sahələrinin işi dayandırılıb. Təmir işlərinin təxminən 2 aya yaxın davam edəcəyi gözlənilir.
Qeyd olunur ki, NEZ-də aparılacaq təmir işləri zamanı SOCAR-ın Türkiyədəki ən böyük aktivlərindən olan “Petkim” kompleksi xammal tədarükünü “STAR”ın mövcud ehtiyatları və digər təchizatçıların hesabına təmin edəcək. NEZ-də aparılan təmir işləri “Petkim”in istehsalat fəaliyyətinə təsir etməyəcək.
“STAR” NEZ-in açılışı 2018-ci ilin 19 oktyabr tarixində baş tutub. Zavodun illik emal gücü 13 mln. tondur.