AZ

Natiq Miri: "Azərbaycanın ərazi bütövlüyü necə pozulmuşdusa, eləcə də bərpa olundu"

"Bir şey son inkişaf həddinə çatanda öz əksinə çevrilir. Beynəlxalq hüquq da sadəcə yararsız olduğu üçün deyil, ondan geosiyasi maraqları üçün istifadə edildiyinə görə ikili və çoxlu standartlar yaranıb. Bu baxımdan, beynəlxalq hüquq anlayışı, demək olar ki, bitmiş sayıla bilər."

Bu sözləri hakimiyyet.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, əgər Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranma fəlsəfəsi bu gün işlək deyilsə və münaqişələri bitirmək üçün yetərsizdirsə, demək ki, beynəlxalq hüquq işləmir:

"Ona görə ki, bu fəlsəfə artıq son inkişaf həddinə çatıb. Beynəlxalq hüquq bu gün mənbəyinə zidd olaraq tənzimləyici, hər şeyin üstündə olan bir yanaşma kimi deyil, müxtəlif dövlətlərin və hegemon güclərin geosiyasi maraqlarına xidmət etdiyi üçün bu acınacaqlı vəziyyət yaranıb. Azərbaycan da bu mexanizmin işlək olmamasına görə öz ərazi bütövlüyünü güc tətbiq edərək bərpa etdi. Yəni bu, artıq bir məcburiyyət idi. Çünki bir dövlət öz ərazisi ilə bütündür. Azərbaycanın bütünlüyü pozulmuşdu və burada ciddi bir enerji axını var idi. Ona görə də Azərbaycanın bir dövlət və cəmiyyət olaraq bütünləşməyə ehtiyacı var idi. Dövlətimiz bunu sülh yolu ilə etmək istədi, ancaq alınmadı. Məlum olanda ki, bundan sonra da bunun alınma perspektivi mövcud deyil, təbii ki, ölkəmiz yaranmış mühitdən istifadə edərək hərəkətə keçdi".

"Yəni zamanında hərbi güc və dəstək vasitəsilə necə ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdusa, eyni üsulla, yəni güc tətbiq etməklə də ərazi bütövlüyü bərpa edildi. Çünki hər şey vahid, bölünməz olduğu təqdirdə həqiqətə xidmət edir. Azərbaycan da bu birliyi təmin etdi və ölkəmizin gücü də məhz bunda idi. Ermənistan və havadarları isə məhz bu birliyi pozmağa yönəlik siyasət yürüdürlər ki, bu ikilik və çoxluq həmin birliyi pozmaq, ona şərik qoşmaq demək idi. Ona görə də haqlı və ədalətli olduğu və birliyə yönəlik addım atdığı üçün, eyni zamanda, ictimai şüurda da vəhdət şüuru üstün olduğu üçün Azərbaycan qalib oldu. Məsələnin əsas mahiyyətini burada axtarmaq lazımdır.

Güc və siyasi faktorlar bunun tərkib hissəsidir. Əsas olan vəhdət şüurudur. Ona görə də fərq etməz hüququn gücü və yaxud gücün hüququ, əsas odur ki, hədəf həqiqəti bərpa etmək idi və biz bunu edə bildik. Çünki doğru yolda idik, tətbiq olunan üsullar və birlik buna xidmət edirdi. Nəticə də göz qabağındadır. Bunu dünya səviyyəsində, beynəlxalq səviyyədə anlamış olsalar, düşünürəm ki, dünya həqiqətən də cənnətə dönə bilər. Ancaq bunun üçün, şüurlarda inqilaba ehtiyac var ki, hələlik biz bunu görmürük", - deyə siyasi icmalçı bildirib.

Mərahim Nəsib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
hakimiyyet.az

2Mənbələr