Bəli, artıq 4 ildir ki, Azərbaycan xalqı olaraq tariximizin ən əlamətdar, möhtəşəm, qürurlu anlarını yaşayırıq. Zəfər sevinci daddıq, illərlə həsrət qaldığımız Vətən torpaqlarımız bütövlüyünə qovuşdu, yüzminlərlə soydaşımız məcburi köçkünlük yükündən azad oldu. Artıq tarixi səlnamələrimizə qızıl həriflərlə həkk olunacaq daha bir möhtəşəm məqamı, dədə-baba yurdlarımıza Böyük Qayıdışı yaşayırıq.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlara ardıcıl səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Prezident İlham Əliyev çıxışlarında, müsahibələrində daim diqqəti hazırkı dövrün əsas hədəfi olan işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəldir. Hazırkı dövrün reallığı budur ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. 8 mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Geniş quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın sentyabrın 2-də Kəlbəcərə səfər çərçivəsində rayonun Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak etdilər, Xudavəng monastır kompleksində oldular. Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoydu. Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış oldular, İstisu Mineral su zavodunun açılışında iştirak etdilər. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak etdi və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış oldular. Ölkə Prezidenti, həmçinin İstisu qəsəbəsinin təməlini qoydu.
Bir sözlə, bir günlük səfər zamanı yeni uğurların təməlinin qoyulması yüz ilin xidməti kimi dəyərləndirilməlidir. Belə ki, bugünümüzün reallıqları ilə 2021-ci ilin 16 avqust tarixində dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə ilk səfərlərini müqayisə etdikdə böyük inkişafı, görülən işlərin miqyasının nə qədər böyük olduğunu görürük. Həmin səfərdə «İndiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir» söyləyən cənab İlham Əliyev bildirmişdi ki, yenidənqurma, bərpa işlərinə artıq start verilib. Bəli, bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gəlir, insanlar doğma yurdlarındadır.
Bir sözlə, bir günlük səfər zamanı görülən işlər Qalib Lider, Prezident İlham Əliyevin yüz illik xidmətinin təsdiqi, «Qarabağda cənnət yaradacağıq” sözü ilə əməlin bir olmasının göstəricisidir. Ümumilikdə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır. Və bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
ZƏRİFƏ QULİYEVA
YAP Veteranlar şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri