AZ

Ermənistandan Zəngəzur dəhlizi TƏKLİFİ: “İrəvan Rusiyanı bölgədən çıxarmaq istəyir”

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib ki, Ermənistanın Azərbaycana Zəngəzur dəhlizi ilə bağlı yeni təklif verib. Məlumata görə, İrəvan dəhlizin təhlükəsizliyinin özəl xarici şirkət tərəfindən həyata keçirilməsi məsələsini Bakı ilə müzakirə edir.

Ermənistan Xarici İşlər Nazirliyi son bəyanatında bu məsələnin gündəmdə olduğunu, lakin hələlik dəqiq qərar verilmədiyini bildirib. Bu addım həm də Rusiyanın dəhlizə nəzarət prosesindən kənarlaşdırılması kimi dəyərləndirilir.

Yenicag.az-a açlıqlamasında politoloq Əli Mustafa deyib ki, Səfəryan həm də Azərbaycanın ərazisində sözügedən təhlükəsizlik şirkətinin nəzarəti həyata keçirəcəyini deyib:

“Açığı, bu barədə bizdə bir məlumat yoxdur. Lakin reallıq budur ki, rəsmi İrəvan bu məsələ ilə bağlı çox məsuliyyətli bəyanat verib. Əgər Azərbaycan buna razılıq veribsə, yəqin ki, cəmiyyət bu barədə məlumatlandırılardı. Eləcə də Rusiyanın burada məsələsi mövcuddur. Çünki 2025-ci ilə qədər bölgəyə nəzarət Rusiyadadır”.

Siyasi təhlilçi əlavə edib ki, böyük ehtimalla, Azərbaycan buna razı deyil və erməni tərəfi bu barədə tək tərəfli bəyanat verib:

“Mənə elə gəlir ki, bu, Rusiya ilə Ermənistan arasında olan məsələdir. Ona görə ki, üçtərəfli razılaşmaya görə, əraziyə nəzarəti Rusiya həyata keçirməlidir. Ermənistan isə bir yolla Rusiyanı bölgədən çıxarmaq, nəzarətin bu dövlətə verilməsini istəmir. Təbii ki, İrəvan burada tək deyil və onun müttəfiqləri də analoji mövqedədir. Ona görə də bu məsələ hələlik açıq olaraq qalır”.

“Azərbaycan tərəfi buna cavab verəndən sonra bu barədə daha rahat danışmaq olar. Fikrimcə, bu, bir qədər həll olunmamış, çiy bir məsələdir. Ola bilsin ki, Ermənistanın belə bir fikri var və nəzarəti ABŞ-yə aid olan təhlükəsizlik şirkətinə həvalə etmək istəyirlər. Amma bunun tezliklə çözüləcəyinə inanmıram”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
15
yenicag.az

1Mənbələr