AZ

Qərbi Azərbaycan hökumətinin qurulmasının vaxtı yetişib!

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələr yenidən Azərbaycana qarşı təxribatçı açıqlamalar veriblər. Separatçılar “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan söz açıblar. 

 

Qərbi Azərbaycan İcması məsələyə sərt münasibət bildirib. "Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq", - açıqlamada deyilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı bildirib ki, mühacirət hökumətinin yaradılması qaçılmaz tarixi zərurətdir:

 

“Mühacirətdə Qərbi Azərbaycan hökumətinin qurulmasının vaxtı yetişib. İndiki Ermənistan hökuməti nə vaxta qədər 1987-91-ci illərdə qovulmuş, deportasiya edilmiş, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox qaçqının taleyinə biganə qalacaq, o vaxta qədər Qərbi Azərbaycan İcmasının mübarizəsi davam edəcək. Elan etdiyimiz bütün məqsədlərə çatmaq üçün sona qədər mücadilə edəcəyik. Ermənistan hakimiyyəti bu məsələyə ciddi reaksiya verməkdənsə, müxtəlif təxribatlar törədirlər. Bizim başqa yolumuz yoxdur. ATƏT kimi təşkilata aldanıb 30 il gözlədik. Niyə vaxt itirməliyik ki? Revanşist qüvvələrin nazıyla oynamalıyıq? Azərbaycan dövlətinin gücü var. 1 milyon qaçqın qayıtmağa hazırdır. İşğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin geri qayıdışını görüb həvəsə gəlirlər. Düşünürlər ki, İrəvana, Zəngəzura niyə getməsinlər. Buna görə də başqa yolumuz yoxdur. İnşallah VII çağırış parlament işə başlayan kimi Qərbi Azərbaycan kökənli deputatlar məsələ qaldıracaq. Qərbi Azərbaycan İcması bu günə qədər nə deyibsə, hamısı yerinə yetiriləcək. VII çağırış parlament qurulan kimi birinci komissiya yaradılacaq. Sonra Ermənistan bizim bəyanatdakı çağırışlarımıza cavab verməsə, mühacirət hökuməti yaradılacaq. Bu, qaçılmaz tarixi zərurətdir”.

M.İbrahimqızı separatçıların, Şahramanyan kimilərinin aktivləşməsi ilə bağlı isə bunları deyib:

 

“Möhtərəm Prezidentimiz müharibənin bitdiyi gün söylədi ki, tarixin bu səhifəsi bağlanır, yeni səhifə açılır və sülhsevər niyyətlə əl uzadırıq. O gündən bu günə qədər ən yüksək səviyyələrdə, ölkə başçıları, xarici işlər nazirləri arasında Brüsseldə, Moskvada görüşlər olub. Möhtərəm Prezidentimizin konkret sülh müqaviləsində təsbit olunacaq şərtlər də göndərildi. Təkliflər BMT-nin və heç bir beynəlxalq təşkilatların prinsipləri pozulmamaq şərti ilə təkliflər idi. Ermənistan da bu prinsiplərə razılıq verib. Amma bu günə qədər heç bir addım atılmayıb. İndi Şahramanyan kimi revanşist, separatçı qüvvələr aktivləşib. Burada təkcə Ermənistan hakimiyyəti günahkar deyil. Ermənilərdən daha çox ermənilik, daşnaklardan daha mökəm daşnaqlıq edən Fransa siyasi elitası da günahkardır. Fransa ilə birlikdə Hindistan da Ermənistanı silahlandırmaqla məşğuldur.  Yeni, daha dərin konflikt ocağı yaratmağa çalışırlar. Rəsmi İrəvanın dediyi ilə  reallıq uyğun gəlmir. Əksinə Şahramanyanı Paşinyanın özü məhv etməlidir. Çünki erməni xalqının gələcəyi üçün böyük təhlükədir. İcma olaraq beynəlxalq hüquq çərçivəsində, sülh şəraitində qayıdışın tərəfdarıyıq.  Şahramanyan kimilərinin, Fransanın irtica qüvvələrinin qarşısını almaq əvəzinə separatçılığa nəfəs verilir. Anlamalıdırlar ki, Qərbi Azərbaycan İcması Azərbaycan xalqına arxalanır. Nə Azərbaycan, nə də erməni xalqı bu bölgədən heç yerə gedəsi deyil. Ermənistan tərəfi sevinməlidir ki, Azərbyacan tərəfi belə beynəlxalq tədbir həyata keçirir. Ermənistan sülhməramlı Azərbaycan hökumətinin təklifinə qoşulsa, gələcəkdə onun taleyində işıq parlaya bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
modern.az

1Mənbələr