Fransa Azərbaycana qarşı son illər aqressiv siyasət yeritməyə davam edir.
Bunun əsas səbəbi rəsmi Bakının İkinci Qarabağ müharibəsinin nəticəsi əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıqları Yelisey Sarayının qəbul etmək istəməməsidir. Bu azmış kimi rəsmi Paris regiondakı təsir imkanlarını qorumaq və mümkün olarsa artırmaq məqsədilə İrəvanla “bacılaşır”. Bu isə Parisin Bakıya qarşı qərəzli mövqeyini bu dövlətin özü üçün zərurətə çevirir.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddiasına görə, Azərbaycanda Fransa vətəndaşları təqib edilir, həbs olunurlar. Ona görə də, rəsmi Paris Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinməyi tövsiyə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu əsassız iddiaya münasibət bildirərək deyib ki, rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirərək, ölkəmizə dair açıqladığı sərt səyahət xəbərdarlığını qətiyyətlə pisləyir.
O bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək niyyətindən xəbər verir:
“Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur”.
Referans.az-a Azərbaycan Fransa münasibətlərindən danışan politoloq Oqtay Qasımov bildirib ki, Fransa Xarici İşlər Nazirliyinin dünənki açıqlaması yersiz və qəbuledilməzdir:
"Burada sırf Azərbaycana qarşı qərəzli kampaniyanın olduğu aydındır. Ümumiyyətlə, Fransa son 4 ildə Azərbaycana qarşı bu və ya digər istiqamətdə təzyiq etməyi təbliğat kampaniyası ilə etməyə çalışır. Fransanın Azərbaycana qarşı sərgilədiyi münasibətin 2 ana səbəbi var. Birincisi, Azərbaycanın öz ərazilərini işğaldan azad edib, bölgədə yeni reallıqlar yaratmasıdır. Fransa bunu qəti şəkildə qəbul etmir. Fransanın Ermənistanı silahlandırmaqla, bölgəyə nüfüz edib öz təsir zonasını yaratmaq planları Azərbaycan dövləti tərəfindən puça çıxarılır. Fransa faktiki olaraq vasitəçi statusundan dövlətimizin səyləri nəticəsində kənarlaşdırıldı. Fransa bunu Azərbaycana bağışlamaq istəmir. İkinci məsələ budur ki, Fransanı Azərbaycanın müstəmləkəçiliyə qarşı birmənalı və prinsipial mövqeyi qane etmir. Ölkəmizdə "Fransa vətəndaşlarına qarşı təhlükə var" tezisi böhtandır. Son bir ildə Fransadan Azərbaycana təxminən 7 minə yaxın fransşz gəlib və onlara qarşı hansısa təzyiq olmayıb. Beynəlxalq təşkilatların açıqlamalarında da Azərbaycanın turistlər üçün ən təhlükəsiz ölkələr sırasında yer alması məhz Fransanın böhtanlarına cavab kimi qiymətləndirilə bilər. O ki, qaldı həbs olunmuş iki Fransız vətəndaşına, təbii ki, onların ölkəmizdə cəsusluq etdikləri və dövlət əleyhinə fəaliyyətdə olduqları sübut olunub və istintaq davam edir".
Politoloq bildirib ki, hazırda Azərbaycanda onlarla Fransa şirkəti, o cümlədən “Total Energies” şirkəti fəaliyyət göstərməkdədir və onların fəaliyyətinə hansısa əngəl yaradılmayıb: "Fransa COP29 öncəsi planlaşdırdığı kimi Azərbaycana qarşı təbliğat kampaniyası aparmaqla tədbirə qədər ölkəmizə təzyiqlər edib, müəyyən güzəştlər əldə etmək istəyir. Bunu əldə edə bilmədiyi təqdirdə, COP29 tədbirinin keçirilməsinə kölgə salmağa çalışır. Amma, belə cəhdlər heç bir nəticə verməyəcək və "bumeranq effekti" ilə Fransanın özünə daha çox zərər verəcək deyə düşünürəm".
Şəlalə Babayeva