Kennediyə sui-qəsd cəhdindən sonra çəkilən video hərraca çıxarılır
Amerikanın 35-ci prezidenti Con Kennedinin sui-qəsd cəhdindən sonra xəstəxanaya gedən kortejinin əvvəllər məlum olmayan görüntüləri Massaçusets ştatının Boston şəhərində “RR Auction” tərəfindən hərraca çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü “People” jurnalı məlumat yayıb.
Məlumata görə, hərrac sentyabrın 28-də baş tutacaq. Lent yazısında Parklend xəstəxanasına gedən kortejin görüntüləri öz əksini tapıb. Lent yazısının müəllifi Dallas (Texas ştatı) sakini Deyl Karpenterdir. Onun ölümündən sonra bu görüntülər nəvəsi Ceyms Qeytsdə qalıb.
“O, lenti plastik süd qutusunda saxlayırdı. Bu lent neçə illər idi ki, mənim şkafımda idi”, - Qeyts nəşrə bildirib.
“Bizə məlum olan bütün digər kadrlardan fərqli olaraq, bu lent “Zapruder Filmi”ndə qeydə alınan hadisələrdən dərhal sonrakı anı əks etdirir”, - deyə “RR Auctions”ın icraçı vitse-prezidenti Bobbi Livinqston jurnala bildirib.
Qeyd edək ki, Kennedinin sui-qəsdini əks etdirən həvəskar 26 saniyəlik lent yazısı ABŞ-də “Zapruder Filmi” kimi tanınır. Çünki film kamerası ilə izdihamın içində olan Avraam Zapruder tərəfindən çəkilib. 486 kadrdan ibarət bu 8 mm-lik film prezidentin ölümünü təsvir edir.
Xatırladaq ki, Kennedi 1963-cü il noyabrın 22-də Texasda seçki kampaniyası zamanı Dallasda öldürülüb. Cinayətin ardınca yaradılmış rəsmi komissiya bu qənaətə gəlib ki, bu, tək Li Harvi Osvaldın işidir və hər hansı irimiqyaslı sui-qəsddən söhbət gedə bilməz.
Komissiyanın qənaətinə görə, atəş Dallasın mərkəzi meydanında yerləşən məktəb dərslikləri anbarının altıncı mərtəbəsindən açılıb. Orada optik nişangahı olan tüfəng və boş güllə gilizləri tapılıb.