AZ

Xilasedici yaşadıqlarını ilk dəfə “TV Musavat”a açıqladı: “Evə girəndə cəsədlə yox, sümüklə qarşılaşdıq"

 

Baş leytenant Tarıyel Həmidov Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qrup rəisidir. O, 2007-ci ildən bu xidmətdə çalışır. Bağlı qapı arxasında, liftdə qalan, quyuya düşən, intihara cəhd edən və başqa fövqəladə hallarla üzləşmiş insanların xilaskarıdır.

Bu posta qədər həmsöhbətimiz sürücü və bölmə rəisi işləyib. Hazırda qrup rəisidir. 19 nəfərdən ibarət şəxsi heyəti var və Qaradağ rayon postu onun tabeliyindədir. Heyəti ilə birgə hər an böhran çağırış mərkəzindən gələn müxtəlif zənglərə hazır vəziyyətdə olur. Onunla söhbətimizə elə ilk çağırışa getməsindən başlayırıq.

- 2008-ci ilin yanvar ayının 4-ü idi. Heç vaxt xatirəmdən çıxmaz. “Fəhlə” prospektində yol-nəqliyyat hadisəsi baş vermişdi. Avtomobil “KAMAZ”la toqquşmuşdu. Sürücü rəhmətə getmişdi. Çox ağır bir vəziyyətdə idi. Demək olar ki, 3 yerə bölünmüşdü. Onun avtomobildə sıxılmış vəziyyətdə qalan cəsədini maşından çıxarıb aidiyyəti orqanlara təhvil verdik. İlk çağırışım çox ağır oldu. O zaman 23 yaşım var idi. Bu hadisə məndə psixoloji travma yaratdı. Ancaq ondan sonra daha ağır hadisələrlə qarşılaşdıq.

Tarıyel deyir ki, həmişə pis hadisələrlə qarşılaşmır. Bəzən qaz sızmasından zəhərlənən insanları da xilas edib. 

-2014-cü ildə Xırdalan şəhərindən çağırış daxil oldu. Biz deyilən ünvana çatanda qonşular bildirdilər ki, evdə ana ilə qızı bağlı qapı arxasında qalıblar. İlk ağlımıza gələn qaz sızması oldu. Alpinizm avadanlığından istifadə edərək mənzilə daxil oldum. Mənzildən qaz iyi gəlirdi. Yataq otağında qız özündən getmişdi. Mətbəxin girəcəyində isə anası yerdə qalmışdı. Deməli, çaydan daşıb və qazı söndürüb.  Havalandırma etdik, qapılar açıldı. Nəticə əla oldu. İkisi də indi həyatdadır. 

Müsahibimiz intihar hadisələri ilə bağlı çağırışlara da gedir. İnsanlarla psixoloji söhbət edir, yaşamaq üçün ümidlər vəd edir. Yetər ki, onlar həyatda qalsınlar.  

-İlk olaraq yaxınlaşıb niyə intihar etdiklərini soruşuruq. Sonra onlara psixoloji dəstək oluruq. Deyirik ki, kömək edə bilərik, təki intihar etməsinlər.

 Bizim mobil qrupumuz var. Biz psixoloji söhbət apararkən hadisə yerinə gəlirlər. İntihar edən şəxsin bərabərində şarlar qurulur. Əgər o şəxsi biz fikrindən daşındıra bilməsək və o özünü atsa, ən azından həmin şarın üstünə düşür. Yüngül xəsarət ala bilər, əsas odur ki, ölmür.

Ancaq həmişə intihardan yayındırmaq cəhdləri öz bəhrəsini vermir. Bəzən ölüm halları da olur:

-Masazır qəsəbəsində gənc oğlan kranın kabinəsinə çıxmışdı. O, həyat yoldaşı ilə rəsmi boşanmışdı və xanımının uşağını ona göstərmədiyini deyirdi. Həyat yoldaşı ilə görüşməyi tələb edirdi. Biz onun həyat yoldaşını çağırdıq. Lakin riskli hesab etdiyimiz üçün qadının yuxarı qalxmasına icazə vermədik. Dedik ki, intihar edən şəxs aşağı düşsün. Ancaq o, razılaşmırdı. Bizim xilasedici gizlicə onun yanına qalxdı. Oğlanın bel kəmərindən tutdu. Həmin şəxs o an bel kəmərini açıb özünü aşağı atdı. Biz onu xilas edə bilmədik. Kəmər xilasedicinin əlində qaldı.

Xilasedicilər bağlı qapıları açarkən maraqlı hadisələrlə də qarşılaşır. Məsələn , qapını bağlayıb 8-10 saat yatan insan ayılanda evində xilas ediciləri görüb şoka düşür.  Bəlli olur ki, onları elə öz ailə üzvüləri qapını açmaq üçün çağırıb.  

-7 saat ara vermədən yatıb. Qohumları qapını döyüblər, eşitməyib deyə açmayıb.  Biz balkondan evə daxil olanda şok keçirdi. Soruşdu ki, siz kimsiniz? Dedik saatlardır ki, qohumlarınız qapını döyür açmırsınız, biz FHN-dən gəlmişik. Qorxmayın.

Bəzən də mənzilə daxil oluruq və cəsəd görürük. Çağırışa getmişdik. Blokda çox pis iy gəlirdi. Mən qapıya yaxınlaşdım və gördüm ki, işıq idarəsinin mart ayının 13-nün xəbərdarlıq bildirişi var. Biz isə ora may ayının 25-də getmişdik. Artıq bəlli oldu ki, bu müddət ərzində bu qapı açılmayıb. Biz qapını açıb içəri girəndə yataq otağında cəsədlə deyil, sümüklə qarşılaşdıq. Çox pis vəziyyətdə çürümüşdü. Belə hadisələrimiz çox olur. 

Həmsöhbətlərimizin sözlərinə görə, bəzən özləri də xilasetmə əməliyyatlarında zədə alırlar.

-2013-cü ildə intihar hadisəsinin qarşısını alarkən sol diz qapağımdan zədə almışam. Şizofreniya xəstəsi ailəsini ölümlə hədələyirdi. Mən iplə mənzilə daxil oldum. Onu yan tərəfdən qucaqladım ki, zərərsizləşdirim. Həmin an özü ilə birgə məni də balkondan yerə atmaq istədi. Ayağım divara dəyib bərk zədələndi. Ancaq buna baxmayaraq, həmin şəxsi saxladım, intihar etməyə imkan vermədim. Sonra polisə təhvil verdim. 

Şahanə Rəhimli
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
34
musavat.com

10Mənbələr