Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin Türkmən kəndində səyyar qəbul-görüşü keçirilib.
Moderator.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Türkmən kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, kəndin baş yolunun yarımçıq qalan hissəsinin asfaltlanması, qaz xəttinin yerinin dəyişdirilməsi, dren kanalın lildən təmizlənməsi, kənddə piyada körpüsünün ətrafında zibil tullantılarının daşınması, kəndin elektrik enerjisinin verilişində yaranmış fasilələr, əkin sahələrinin suvarılmasında yaranmış çətinliklərlə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.