AZ

“İmzalamağa məcbur olduğumuz sənəd...”- ermənilərin Qarabağdan əsl köç səbəbi etiraf olundu...

Image

Əli Orucov: “Şahramanyan başda olmaqla, bir sıra separatçılar bu işin başında durmuşdular”

Hər zaman olduğu kimi, erməni separatçıları bu dəfə də yeni-yeni uydurmalarla çıxış edib çaşqınlıq yaratmağa çalışırlar. Ancaq bu zaman özləri tələyə düşürlər.

Qarabağda uzun illər mövcud olmuş və sonda özünü buraxmağa məcbur qalmış oyuncaq hərbi xuntanın əsas simalarından olan Samvel Şahramanyan bir il əvvəl baş verənlərlə bağlı müəyyən məqamları açıqlayıb. Şahramanyan bəyan edib ki, “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı sənədin hüquqi qüvvəsi yoxdur və bu barədə Ermənistan hökumətinə və baş nazirinə yazılı məlumat verib: “İmzalamağa məcbur olduğumuz sənəd əhalinin, silahlı qüvvələrin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin Dağlıq Qarabağdan Ermənistana təhlükəsiz çıxışını təmin etməyə imkan verdi”. 

Aydın məsələdir ki, separatçıların dedikləri yalandır. Çünki etnik ermənilərin Qarabağdan çıxmasına orada heç bir təhlükə yox idi. Şahramanyanın bu fikirləri açıq-aşkar onun etirafıdır ki, Qarabağdan ermənilərin təşkil olunub çıxarılmasının başında separatçılar dayanıb. Şahramanyan məlum fikirləri ilə faktiki bunu etiraf edir.

“Bu kampaniyanı təşkil etməkdə məqsəd o idi ki, dünya Azərbaycanı etnik təmizləmədə günahlandırsın” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, ermənilərin təşkil olunmuş formada 2023-cü ilin 20 sentyabrından sonra kütləvi şəkildə çıxarılmasında məqsəd var idi: “Bəli, Şahramanyan başda olmaqla, bir sıra separatçılar bu işin başında durmuşdular. Necə deyərlər, bütün ermənilərə komanda vermişdilər ki, Qarabağı tərk edin. Halbuki, o zaman və sonrakı dövrdə Azərbaycan bəyan etmişdi ki, ölkə qanunlarını və vətəndaşlığını qəbul edən ermənilər Qarabağda yaşaya bilər. Sadəcə, separatçıları himayə edən ermənilər və xarici dairələr bununla müəyyən planları Azərbaycana qarşı həyata keçirmək istəyirdilər. Bu, kampaniyanı təşkil etməkdə məqsəd o idi ki, dünya Azərbaycanı etnik təmizləmədə günahlandırsın. Beynəlxalq təşkilatlar buna görə ölkəmizi ittiham edərək qətnamələr qəbul etsinlər. Məhz bununla əlaqədar Fransanın bilavasitə təşəbbüsü ilə ötən ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında dinləmələr keçirildi, amma hansısa qətnamə qəbul edilmədi. Çünki digər dövlətlərin dəstəyini ala bilmədilər və bununla bağlı təşəbbüslər fiaskoya uğradı. Niyə? Ona görə ki, etnik təmizləmə ilə bağlı ortada bir dənə də olsun fakt yox idi. Üstəlik, ermənilər Rusiya sülhməramlılarının nəzarət zonasında yaşayırdılar. Həm sülhməramlılar, həm də digərləri gördülər ki, Azərbaycan etnik erməniləri Qarabağı zorla tərk etməyə məcbur etməyib. Onlar separatçı ünsürlərin apardıqları siyasətin qurbanı olublar. Azərbaycan antiterror əməliyyatlarla qanunsuz silahlı birləşmələri zərərsizləşdirib. Mülki şəxslərin hədəf alınmasından söhbət gedə bilməz. Ona görə də ermənilərin qurduqları pllanlar fiaskoya uğradı və etnik ermənilər separatçıların tələsinə düşdülər”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
baki-xeber.com

2Mənbələr