Hafiz Cabbarov: “Bu, ermənilərin uydurduğu növbəti bir gülünc mifdir”
Dünyada elə bir qədim xalq yoxdur ki, haylar özlərini onlara calaq etməyə cəhd göstərməsinlər. Adəmdən tutmuş Nuha qədər əksər müqəddəs adamları, böyük şəxsiyyətləri, qədim dövlətləri, xalqları “erməniləşdirməkdən” əl çəkmək istəmirlər.
Uzun illərdir, Urartu dövlətinə, urartu xalqına sahiblənməyə çalışan, onları “haylaşdırmaqdan” çəkinməyən ermənilər indi də Şumerlərə qarmaq atırlar. Bir müddət əvvəl “Erməni Qartalları - Vahid Ermənistan” adlı partiyanın sədri Xaçik Asryan bildirib ki, şumerlər “ermənidirlər”, ermənilər “Şumer svilizasiyasının, hətta dünyada ilk dövlətin qurucularıdır”. Bu iddianın hardan qaynaqlandığı məlumdur, bu, ermənilərin özlərini “ən qədim xalq”, “qədim dövlətə sahib xalq” kimi qələmə vermək cəhdindən irəli gəlir. Bunlar harda qədim dövlətlər olubsa, onu öz adlarına çıxıb, saxtakarlıqdan biçilmiş tarix kitablarında yazırlar. Nə zamansa “erməni sivlizasiyasının” olduğunu sübut etmək üçün saxtakarlıq qalmır ki, etməsinlər.
İndi də Şumerlərdən yapışıblar ki, bu sivlizasiya da guya onlara aiddir.
“Nikolski də, digər alimlər də öz araşdırmalarında ermənilər kimi uydurmalara yox, konkret faktlara əsaslanaraq şumerlərin türklərlə qohumluğunu, türklərin əcdadları olması ehtimalını irəli sürürlər”
Tədqiqatçı Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, bu qeyri-ciddi, gülüş doğuran bir iddiadır, ermənilərin növbəti teatr tamaşasıdır. “Bu, ermənilərin uydurduğu növbəti bir gülünc mifdir. Hər bir xalqın keçmişində mifologiya olub. Ancaq bu gün mifologiyalar yetkin, inkişaf etmiş xalqlar üçün artıq uşaqlar üçün olan nağıllara bənzəyir. Ermənilər isə, başqa xalqlardan fərqli olaraq, bu gün də miflər, mifologiya yaratmaqda davam edirlər. Ancaq onların mifləri maraqlı olmamaqla yanaşı, eyni zamanda da çox komik və gülüncdür. Birincisi, ən qədim zamanlarda hələ xalqlar yox idi. Xalqlar daha çox orta əsrlər dövrünün uzun sürən proseslərinin nəticəsidir. Məsələn, ingilis, fransız kimi xalqlar XV əsrdə, demək olar ki, formalaşıblar, eləcə də Avropanın digər xalqları, o cümlədən də digər xalqlar. Ermənilərin şumerlərlə bağlı uydurmalarına cavab olaraq onu bildirmək istəyirəm ki, bu iddianı irəli sürənlər elmdən uzaq adamlardır, bu dedikləri uydurmadan başqa bir şey deyil. Özü də çox gülünc bir uydurmadır.
Şumerlər kimdir? Şumerlərin tarix elmində kimliyi haqqında məsələ indiyə qədər mübahisəlidir. O dəqiqdir ki, bunlar hind-Avropa dil qrupuna aid deyil. Bunu dünya tarixçiləri birmənalı olaraq qəbul edir. Ermənilər isə hind-Avropa dil qrupuna aiddir. Bu da təsdiqləyir ki, şumerlərin ermənilərlə heç bir əlaqəsi yoxdur. Ancaq bir sıra məqamlarda onların dillərində olan 200-dən çox söz türk sözləri ilə oxşardır. Bu sizə adi gəlməsin. Çünki qədim dillər o qədər zəngin deyildi, minilliklər keçdikcə dillərdə sözlərin sayı artıb və dil zənginləşib. Sizə bir misal çəkim, şumerlər özlərinə kenger deyirdilər. Bilirsiz ki, kenger isə qədim türk tayfalarından biri olan Kəngərlilərin adı ilə bağlıdır və hətta Kəngərlilər Azərbaycan xalqının formalaşmasında mühüm rol oynayıb. Kəngərli tayfasının Naxçıvan bölgəsində də məskunlaşdığı məlumdur. Digər bir mühüm fakt da var ki, şumerlər öz Tanrılarına dengir deyirdilər. Fikir verirsinizsə, türklərin də Tanrısı tenqri adlanır. Tanrının tenqri adlandırılması yalnız türklərə məxsusdur. Bilirsiz ki, hər bir dildə ən qədim sözlərdən biri “Tanrı”, “ilah”, “Allah” və sairdir. Hər xalq Tanrının adını özünə məxsus şəkildə çəkir. Tenqri və dengir sözünün yaxınlığına diqqət çəkən bəzi alimlər şumerlərin türk olma ehtimalını irəli sürürlər.
Bəs dünya tarixçiləri niyə şumerlərin türk olduğunu qəbul etmək istəmirlər? Çünki tarixi Avropa mərkəzçiliyindən yazırlar və bəzən türk tarixinə bir qədər qısqanclıqla yanaşırlar. Hətta XIX əsrdə yaşayan fransız tarixçi-filosoflardan biri, səhv etmirəmsə, Ernest Renan türklərlə bağlı hansısa qədim tarix olanda deyirmiş ki, bu başqa xalqların adları ilə yazılsın, türklərə aid edilməsin. Ancaq bizim iddialarımız ermənilərinki kimi uydurmalardan ibarət deyil. Biz, sadəcə olaraq, faktlar əsasında şərh edirik. Təbiidir ki, birmənalı olaraq “şumerlər türk idi” demirik. Çünki dediyim kimi, o dövrdə heç bir xalq formalaşmamışdı, sadəcə, şumerləri türklərin formalaşmasında mühüm rol oynayan başlanğıc etnos kimi götürmək mümkündür. Amma yenə də deyirəm, bu sadəcə olaraq ehtimaldır, dildəki bir sıra adların və sözlərin oxşarlığı baxımından deyirik bunu. Ancaq qəti olaraq demək olar ki, şumerlərin ermənilərlə heç bir əlaqəsi yoxdur. Çünki ermənilərin Balkan yarımadasından, bəzən də Hindistan tərəfdən gəldiklərini deyirlər. Hazırda mötəbər qəbul olunan tarixşünaslıqda onların Balkan yarımadasından Kiçik Asiyaya gəlmələri barədə məlumatlar var. Ancaq bəziləri onların Hindistandan gəldiyini deyir”.
H.Cabbarov bildirdi ki, ermənilər özləri vahid bir xalq deyil, müxtəlif xalqların qaynayıb-qarışması nəticəsində formalaşan, onların Hindistandan gələn qaraçı əhalisi olması ehtimalı yüksəkdir. O vurğuladı ki, amma ermənilərin qədim sivilizasiyalara heç bir töhfəsi olmayıb, əslində onlar həmişə sivilizasiya düşməni olublar. O qeyd etdi ki, sivlizasiya yaradan xalqlar sivilizasiyalara qarşı düşmənçilik etmirlər. “Bunu elə yaxın tariximiz də göstərir. Azərbaycan xalqının mirası olan Qarabağı işğal etdikdən sonra burda xalqımıza məxsus maddi-mədəniyyət nümunələrini məhv etməklə məşğul idilər, bəzilərini isə saxtalaşdırıb öz adlarına çıxmaq istəyirdilər. Ancaq bu, tarix elmində qəbul edilən deyil. Bir daha qeyd etmək istəyirəm ki, dünyada qəbul olunan tarix elmində şumerlərlə ermənilər yaxından-uzaqdan əlaqələndirilmir, bu qəbul edilmir və elmdə şumerlərin hind-Avropa dil qrupuna aid olması birmənalı olaraq qəbul edilmir, ermənilərsə hind-Avropa dil qrupuna aiddir. Bir sözlə, yenə də ermənilər baltanı daşa vurublar və çox gülünc bir mif yaradıblar. Buna başqa cür yanaşmaq olmaz, bunun üzərindən ironiya ilə keçmək olar. Bu, növbəti erməni uydurmasıdır. Zatən, bunların tarixi, mədəniyyəti, hər şeyi uydurmadır. Bir xalqın ki, insan adlarının əksəriyyəti başqa xaqlardan, dilləri belə türk, fars və sair xalqların dilindən götürülə, demək, bu xalq yerli xalq deyil”.
Şumerlərin dünyada populyar olan araşdırmaçılarından biri olan Samuel Noah Kramerin “Tarix Şumerdən başlayır” adlı bir əsərinin də olduğunu deyən H.Cabbarovun sözlərində görə, o da, Leonard Kinq də, rus arxeoloqu Nikolski və başqaları da dil və maddi-mədəniyyətin oxşarlığı baxımından şumerlərin türklərlə əlaqəsinin olması ehtimalının yüksək olduğunu irəli sürürlər. “Dediyim kimi, şumerlərin dilində olan bir çox sözlər türk sözü ilə uyğundur, dil quruluşu da həmçinin. Bir çox alimlər bunu maddi-mədəniyyət nümunələri əsasında bildirir. Məsələn, rus arxeoloqu Nikolski deyir ki, Türkmənistandakı Anova kurqanında tapılan maddi-mədəniyyət nümunələri ilə şumerlərin məzarlarında olan maddi-mədəniyyət nümunələri, demək olar ki, eynidir. Nikolski də, digər alimlər də öz araşdırmalarında ermənilər kimi uydurmalara yox, konkret faktlara əsaslanaraq şumerlərin türklərlə qohumluğunu, türklərin əcdadları olması ehtimalını irəli sürürlər. Ancaq ermənilərin bu fikri uydurmadır”-deyə H.Cabbarov bildirdi.
İradə SARIYEVA