Naxçıvan Muxtar Respublikasında da yaxın aylarda Regional DOST Mərkəzinin açılması, Laçın və Füzuli şəhərlərində isə “Smart DOST” məntəqələrinin yaradılması nəzərdə tutulub
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası Azərbaycanda son illər aparılan sosial islahatların mühüm uğurlarından biridir. Bu konsepsiya əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial müdafiə və sosial təminat sahələrinə dair 15 istiqamət üzrə 159 sosial xidmətin “bir pəncərə”dən, müasir və çevik, tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasını təmin edir. Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.
Ötən dövrdə 7 DOST Mərkəzi, o cümlədən avqustun 7-də Bərdədə 9 rayonu əhatə edən Qarabağ Regional DOST Mərkəzi açılmaqla DOST xidmətləri şəbəkəsi daha da genişlənib. Şuşa şəhərində Qarabağ Regional DOST Mərkəzinin filialı açılıb. Həmçinin nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi müasir tələblərə uyğun qurulub, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya mərkəzləri tikilərək istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında da yaxın aylarda Regional DOST Mərkəzi açılacaq. Həmçinin Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, muxtar respublikanın rayonlarında DOST filiallarının yaradılması nəzərdə tutulur. Hazırda Quba, Sabirabad, Sumqayıt, Gəncədə DOST mərkəzləri tikilməkdədir, Masallıda da bu il DOST Mərkəzinin inşasına başlanılacağı nəzərdə tutulub.
2022-ci ilin may ayında Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi istifadəyə verilib. Həmçinin bu il Laçın və Füzuli şəhərlərində “Smart DOST” məntəqələrinin yaradılması nəzərdə tutulub. Ümumilikdə, 2025-ci ilədək DOST mərkəzlərin sayının 17-yə, DOST filiallarının sayının isə 55-ə çatdırılması nəzərdə tutulur.
DOST Agentliyi və uyğun sahələrdə xidmətlərin həyata keçirilməsini təmin edən DOST mərkəzləri Prezidenti İlham Əliyevin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 9 avqust tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılıb. DOST modelinə keçilməsi sosial sahədə köklü islahat tədbiri, aparılan sosial islahatlar proqramının ən mühüm nailiyyətlərindən biridir. Bu mərkəzlər Azərbaycanın yeni sosial brendinə çevrilib. 5 il əvvəl, 2019-cu ilin mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyi və ilk DOST Mərkəzinin acılışı olub. DOST Agentliyi və ilk DOST mərkəzinin açılışı ölkəmizdə dövlət sosial xidmətlərinin göstərilməsi sahəsində ciddi irəliləyişi, əsaslı keyfiyyət dəyişikliklərini özündə ehtiva edən yeni inkişaf mərhələsinə keçilməsini təmin etməklə, ölkə Prezidentinin uğurlu sosial siyasətinin vətəndaş rifahı və məmnunluğunu təminatına xidmət etməsinin növbəti mühüm təzahürünə çevrilib.
DOST konsepsiyası beynəlxalq səviyyədə yüksək qiymət alaraq mütərəqqi təcrübə kimi dünyanın sosial innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasına daxil edilib. DOST Agentliyi ötən dövrdə 30-dan çox beynəlxalq təltifə layiq görülüb. Bu mükafatların sırasında Avropa Sosial Şəbəkəsinin, Beynəlxalq Sosial Təminat Assosiasiyasının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının və digər təşkilatların sertifikatları var. “Aİ Biznes Mühiti Hesabatı 2021”-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. “Bir pəncərə” prinsipi üzrə təşkil olunmuş DOST modeli BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” (“Innovative public service solutions”) statusunda tanınıb. Agentlik dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatının 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb. Azərbaycana gələn xarici nümayəndə heyətlərini tez-tez DOST mərkəzlərində, ölkəmizin bu innovativ nailiyyəti ilə yaxından tanış olduqlarını görürük. Hazırda bir çox dövlətlər, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər.
Sevinc Azadi, “İki sahil”