AZ

Berdıyevin “Turan Tovuz”u: minimum qolla maksimum nəticə! - ŞƏRH

Misli premyer-liqasında 5-ci tur geridə qaldı. Milli fasilə ərəfəsindəki son turda bəzi gözlənilməz hadisələr baş verdi.

Məsələn, ilk 4 turda rəqib qapılarına bircə dəfə belə yol tapa bilməyən “Kəpəz” 2 qol vurdu. Futbol ictimaiyyətinin güvəndiyi Roman Qriqorçukun “Neftçi”si isə yerində sayır, nəticələri yaxşılaşdıra bilmir. “Fehervar” “Sumqayıt”a necə zərbə vurubsa, bu komanda hələ də səntirləyir. Nəhayət, Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz”un “beton” müdafiə ilə “zirvədə oturması” da maraqlı məqamdı.

Turun açılış matçında “Səbail”i qəbul edən “bozqurd” Şahin Diniyevin komandasının son dəqiqələrdəki bütün qol cəhdlərini puça çıxararaq, onları Tovuzdan xalsız yola saldı. Diniyev isə hər çıxışında rəhbərlik etdiyi kollektivin getdikcə daha yaxşı, iddialı olacağını bildirsə də, hələ ki qeyri-adi dəyişiklik yoxdu. “Dənizçilər” ötən mövsümdən bəri “uğursuz ilk yarı” sindromu yaşayır. 2-ci hissədə isə üstün tərəf olsa da, imkanlardan yararlana bilməməsi komandanı bu gün autsayderlər sırasına salıb. Tovuzlular isə hələ ki əldə olan kasad heyətlə və cəmi 6 qol vurmaqla (5-ci nəticədi) maksimum nəticə əldə edir. Ancaq bu uğurlu seriyanın nə vaxta qədər davam edəcəyi bəlli deyil. İstənilən halda Berdıyev Azərbaycan çempionatına rəng qatıb.

“Sumqayıt” cari mövsümdə 3-cü məğlubiyyətini alaraq iddialılar sırasında olmadığını göstərdi. Görünən odu ki, Samir Abasovun yetirmələri hələ də avrokubokdakı uğursuzluğun təsiri altındadı. Elə bu fasilə zamanı komandadan əsas oyunçuların ayrılmasına baxmayaraq, Abasovun onlara ehtiyacının olmadığını bildirməsi belə absurddu. “Kimyaçılar”ın hücum xəttində çətinlik çəkməsi gün kimi aydındı. “Araz-Naxçıvan” isə həm əvvəlki turda “Neftçi” ilə bərabərə qaldığı (1:1), həm də bu matçda qələbəyə layiq idi. Deməli, fasilə zamanı çoxlu transferin reallaşdırılması boşuna deyilmiş. Elmar Baxşıyevin də getdikcə öz oyun fəlsəfəsini yeni transferlərə daha yaxşı aşılması və bunun nəticəsində heyətdəki oyunçulararasında anlaşmanın artması “qırmızı-ağlar”ın çempionluğa iddialılar üçün əsl başağrısı olacağını deməyə imkan verir.

Nəhayət, “Şamaxı” ilk ev oyununu keçirə bildi. “Neftçi” ilə oyunda kollektivdə müəyyən yorğunluq olduğu hiss edilsə də, aşağı-yuxarı bərabər səviyyəli görüş izlədik. Hadisələrin belə axarı Ayxan Abbasovun komandasının növbəti mövsüm də premyer-liqada qalacağını göstərir. Yeni transferlərin keyfiyyəti də özünü göstərir. “Neftçi”yə gəlincə, yuxarıda qeyd etdiyim kimi, Qriqorçukdan gözləntilər yüksək olsa da, ukraynalı mütəxəssis hələ ki özünü doğrultmur. Hələ ki mütəxəssis yeni transferlərin uyğunlaşma prosesinin getdiyini, rəhbərlik də uzunmüddətli strategiyanın olduğunu deyərək, həyəcan təbili çalmağa ehtiyac görmür. Qara Qarayevin ardından Emin Mahmudovla da müəyyən çətinliklər yaşayan Qriqorçuk bundan sonra atacağı addımlarla gələcəyini bəlli edəcək.

Adil Şükürovun istefasından sonra Xaliq Mərdanova tapşırılan “Kəpəz” bəlkə də mövsümdəki ən parlaq matçını keçirdi. “Sarı-göylər” “Sabah”la oyunda nəyəsə qadir olduqlarını göstərdilər. Krunoslav Renduliçin komandasına gəlincə, yüksək keyfiyyətli hücum xəttinə malik olsa da, müdafiədə işlər qaydasında deyil. Onsuz bunu avrokubok matçlarında görə bilmişdik. Bu qarşılaşmada isə bir daha əmin olduq. Çempionluğa iddialılardan sayılan komandanın müdafiəsində belə boşluqların olması gözlənilməz xal itkilərinə gətirib çıxaracaq.

Cari mövsümdə avrokuboklarda ən çox oyun keçirən komandaların duelindən “Qarabağ” qalib ayrıldı. Ümumilikdə başabaş mübarizə getsə də, “köhlən atlar”ın keyfiyyət baxımından “qartallar”dan üstün olması oyunun taleyini həll etdi. “Zirə” ardıcıl ikinci ev oyununda da məğlub oldu. Bu dönəmdə itirilən xalların çempionatın sonunda nə qədər çətinlik yaradacağı aydındı. Yəqin ki, Rəşad Sadıqov da bütün bunları dəyərləndirir. Qurban Qurbanovun yetirmələri isə ənənəyə sadiq qalaraq çempionluğa ən real namizədlərdən birini məğlub etməklə iddiasını qorudu. 

Misli premyer-liqası
1-ci dövrə, 5-ci tur
30 avqust
Turan Tovuz - Səbail 1:0
Sumqayıt - Araz-Naxçıvan 0:1
31 avqust
Şamaxı - Neftçi 0:0 
Kəpəz - Sabah 2:3
1 sentyabr
Zirə - Qarabağ 1:3


1. Turan Tovuz 5 4 1 0 6-0 13
2. Sabah 5 3 1 1 10-7 10
3. Qarabağ 4 3 0 1 10-3 9
4. Araz-Naxçıvan 4 2 1 1 4-5 7
5. Zirə 4 2 0 2 7-5 6
6. Sumqayıt 5 2 0 3 5-6 6
7. Şamaxı 4 1 2 1 3-3 5 
8. Səbail 5 1 1 3 7-8 4 
9. Neftçi 5 0 4 1 2-4 4
10. Kəpəz 5 0 0 5 2-15 0

Bombardirlər: Davit Volkov (Zirə), Coy-Lens Mikels (Sabah) - 3.

Növbəti turun proqramı:
13 sentyabr, 19.30. Araz-Naxçıvan - Kəpəz
14 sentyabr, 16.30. Şamaxı - Sumqayıt
14 sentyabr, 19.00. Qarabağ - Səbail
15 sentyabr, 18.00. Zirə - Neftçi
15 sentyabr, 20.30. Sabah - Turan Tovuz

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
football-plus.az

1Mənbələr