Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yenidən təşkili haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldıracaq
İnhisar və ya monopoliya müəyyən məhsulun və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi hal deməkdir. Başqa sözlə, inhisar, bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə, inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər. İnhisar dedikdə ilk növbədə insanın ağlına bir çox qitədə fəaliyyət göstərən transmilli korporasiyalar, dövlət tərəfindən yaradılan böyük şirkətlər gəlir, amma inhisar qismində kiçik firmalar da ola bilər. Məsələn, uzun bir yol üzərində cəmi bir yanacaqdoldurma stansiyası olduğunu fərz edək. Bu zaman yolda qalmaq istəməyən şəxs məcburən buradakı qiymətlərlə razılaşmalı olacaq.
Bu gün də iqtisadi inkişafın qarşısını alan, ona ciddi şəkildə mane olan faktorlardan biri inhisarçılıqdır. Bu, hər bir ölkə bazarlarında bahalıq, ərzaq çatızmazlığı yaradan ciddi məsələdir. Hazırda ölkəmizdə də bəzi sahələrdə inhisarçılıq əlamətləri qalmaqdadır və görünən odur ki, bu sosial və iqtisadi bəla ilə mübarizə hələ də günün tələbləri səviyyəsində qurulmur. Elə məhz bu çatışmazlığın qarşısı almaq üçün Prezident İlham Əliyev «Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 27 avqust 2024-cü il tarixli Fərman imzalayıb. Sənədə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılır.
Sözügedən Fərmanla müəyyən edilib ki, adıçəkilən Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Nazirlər Kabinetinə tapşırılıb ki, yeni agentliyin Əsasnaməsinin layihəsini, strukturu və isçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində, eləcə də qurumun yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etsinlər. Bundan başqa, Nazirlər Kabineti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin balansındakı dövlət əmlakının yeni yaradılan agentliyin balansına verilməsini təmin etməli və Azərbaycan Prezidentinin 26 dekabr 2023-cü il tarixli «Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında» Qanunun tətbiqi ilə bağlı Fərmanında adıçəkilən Xidmət üçün nəzərdə tutulmuş maliyyələşmənin qalıq hissəsinin yeni yaradılan Agentliyə ayrılmasını gerçəkləşdirməlidir.
İqtisadçılar Fərmanın iqtisadi və sosial əhəmiyyətini yüksək qiymətləndirirlər. Onların qənətincə, bu istiqamətlər içərisində mühüm önəm daşıyan əsas amil iqtisadiyyatda sağlam rəqabətin reallaşdırılmasına nail olmaqdır. Onu da deyək ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri»n ikisi məhz rəqabətin inkişafı problemlərini özlərində ehtiva edir. Burada şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, rəqabətə davamlılıq, sağlam rəqabət qaydalarının müəyyənləsdirilməsi, rəqabət mühitinin təmin edilməsi qarşıya mühüm vəzifələr kimi qoyulub.
Digər önəmli məsələ isə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı gerçəkləşdirən Rəqabət Məcəlləsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin reallaşdırılmasının önə çəkilməsidir. Burada vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyektlərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təminini, ilk növbədə, rəqabət mühitini gücləndirir. Axı, sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını genişləndirir. Beləliklə, yeni Rəqabət Məcəlləsinin tətbiqi ölkə iqtisadiyyatına, o cümlədən biznes imkanlarının səmərəliliyinə müsbət təsir göstərəcək, idxal-ixrac potensialını daha da gücləndirəcəkdir. Digər tərəfdən, bu, ölkədə monopoliyanın təsirlərinin aradan qaldırılmasını və bazar payının azaldılmasını şərtləndirəcək.
Bir sözlə, həm Rəqabət Məcəlləsi, həm də Prezidentə tabe olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılması ölkə bazarlarında süni qiymət artımlarının qarşısını alacaq və haqsız rəqabəti və ədalətsiz bazar şərtlərini aradan qaldıracaq. Eyni zamanda, idxal «monopoliyası» ilə mübarizəni önə çıxarmaqla manipulyasiyaların və spekulyasiyaların qarşısını alacaqdır.
Elçin Zaman, «İki sahil»