AZ

Qardaşımın sevdiyi qız ona elə söz dedi ki… — Şəhid Səbuhinin qardaşı xatirələrindən danışdı + VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı olan şəhid Səbuhi Əhmədov haqqında reportaj efirə gedib.



İctimaimedia.az xəbər verir ki, Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub.



O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı ilə təltif olunub.



Şəhidin qardaşı Sənan Əhmədov Səbuhi ilə bağlı xatirələrindən danışıb. O, qardaşı ilə “SOS Uşaq Kəndləri”ndə böyüdüyünü deyib:



“18 yaşımda hərbi xidmətə getdim. Mən gələndən sonra qardaşım hərbi xidmətə yollandı. Günümüz istər məktəb, istər tələbəlik illərində başqa uşaqların xoşbəxtliyinə baxmaqla keçib. Uşaq evində böyüyən uşaqlar üçün reallıq budur. Özümüzə bir yuva qurmaq istəyirdik. Mən onu özəl iş yerlərində qura bildim. Qardaşım isə hərbidə hərbçilərlə həmin ailə bağını qurmuşdu. Bizim həmişə bir sözümüz var idi ki, bir-birimizdən başqa kimsəmiz yoxdur. Bu söz bizə təsəlli idi”.



Sənan Əhmədov qardaşının özünü çirkin hesab etdiyini söyləyib:



“Bugünkü gündə zəmanəmizin bəzi qızlarının tələblərinə uyğun deyildi. Qardaş olaraq ananın vəzifəsini yerinə yetirib, yeddi qapıya getdim. Gedirdim, deyirdilər ki, evin var? Səbuhinin bir sevdiyi olub, onda da elə bir şey oldu ki, qardaşım özündən utandı. Gəldi yanıma, dedi ki, bizim niyə belə həyatımız var? Gördüm ki, ağlayır, heç nə demədi.



Sonradan qrup yoldaşlarından eşitdim ki, sevdiyi qıza ondan xoşu gəldiyini deyib. Qız isə “Yetim uşaqsan, mənim sənə yazığım gəlir deyə belə xoş davranıram” deyib.



Sənan Əhmədov qardaşının dəfn olunduğu gündən də bəhs edib:



“Qardaşımı torpağa tapşırana kimi donub qalmışdım. İndi qəbir üstünə oturub, rahat ağlaya bilirəm. Ürəyim buz kəsmişdi, gözlərimdən 1 damla yaş gəlmirdi. Ürəyim partlayırdı, ağlamaq istəyirdim. Birinci dəfə idi ki, qardaşımı qucaqlayanda heç nə hiss etmirdim”.

Seçilən
118
8
ictimaimedia.az

8Mənbələr