AZ

Tahir Rzayev: "İstisu"yun qiymətində müəyyən artımın olması o qədər də təəccüblü görünməməlidir"

""İstisu" müalicə əhəmiyyətli ən qiymətli mineral suyumuzdur. Sovet İttifaqı dövründə bu su şöhrət qazanmışdı. İttifaqın bütün respublikalarına göndərilirdi. Uzun müddət işğal altında qalan Kəlbəcərdə "İstisu" kortəbii şəraitdə istehsal edilib, nəticədə təcavüzkarlar külli miqdarda vəsait qazanıblar. Çox yaxşı haldır ki, "İstisu" artıq satışa verilir. Bəzi insanlar suyun qiymətinin baha olmasından gileylənirlər. Ola bilər, bu, ötəri xarakterlidir, suyun qiymətinə yenidən baxıla bilər. Bir şeyi nəzərə almaq lazımdır ki, "İstisu" süfrə suyu deyil. Müalicə əhəmiyyəti səbəbindən bir çox xəstəliklərin dərmanıdır. Buna görə də "İstisu"yun qiyməti təəccüblü görünməməlidir".

 

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, kiminsə "İstisu"dan vaxtaşırı istifadə etməsi heç də onun səhhəti üçün xeyirli ola bilməz: "Əksinə, bəzi insanlar "İstisu"dan istifadə etməməlidirlər. Həkimin resepti, qaydalar əsasında bu sular istifadə olunmalıdır. Bu hələlik "İstisu"yun ilkin emalıdır. Sözsüz ki, müvafiq orqanlar bu suyun qiyməti barədə yenidən qərara gələ bilərlər. Ancaq bizim üçün sevindirici haldır ki, artıq "İstisu"yun istehsalına başlanılıb. Bu, insanların sağlamlığına, ekoloji tarazlığın qorunmasına çox böyük imkanlar yaradacaq".

 

Aytəkin Qardaşova

Tarix: 6 Sentyabr 2024, 08:34   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
pravda.az

1Mənbələr