XI MƏQALƏ
Biz nail olduqlarımızla kifayətlənməməliyik, biz daim inkişaf etməliyik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Region dəyişir
Əgər ermənilər və havadarları Azərbaycana təcavüzün başlarına bəla gətirəcəyini öncədən bilsəydilər, əminəm Qarabağa ayaq basmazdılar. Onlar son 300 ildə Cənubi Qafqazfa meydan sulayan geosiyasi güclərin ədalətsizliyinin əbədiyyən reallaşacağına çox əmin idilər. Erməni silahlı quldur dəstələri özlərini elə aparırdılar ki, sanki Azərbaycanı dövlət kimi məhv etməyə haqları və hüquqları vardır.
Bu özündənrazılıq və yalançı psixoloji eyforiya Heydər Əliyevin atəşkəsə nail olması ilə bir anda dağıldı. İlk olaraq bu, ermənilərin müəyyən qədər ağlı başında olanları və türk dövlətçiliyinin real tarixini bilənləri üçün bir işarə idi. Heydər Əliyev atəşkəsə bir neçə döyüşdə işğalçı erməniləri məğlub etməklə nail oldu. Ermənilərə və havadarlarına göstərdi ki, hərbi savaşla qalib gələ bilməzsiniz. Məncə, Vətən savaşı həmin psixoloji andan başlayır! Ermənistanın və havadarlarının hərbi təcavüzünün gerçək hərb meydanında perspektivsiz olduğunu onların siyasi cəhətdən küt və şovinist qafalarına yeridirdi.
Geosiyasi aspektdə bu məqam Cənubi Qafqazın region miqyasında geosiyasi “ruhu”nun, məqsədinin və real məqamlarının yeniləşməsi zamanının ilk ritmləri idi. Bunların fonunda Ulu öndərin “Bakı-Ceyhan marşrutu regionun geosiyasi mənzərəsini dəyişəcək” tezisi çoxlarının ağlını başına yığdı. Aydın görünürdü ki, müstəqil Azərbaycan Respublikası dövləti sistemli, əsaslı və kompleks halda Cənubi Qafqaza yeni geosiyasi, geoiqtisadi, energetik, sosial, mənəvi-mədəni və ideoloji dinamika gətirir. Bu proses özünün tam yetkin formasını, məzmununu 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün sürən Vətən savaşında təsdiq etdi. 44 gün Azərbaycan Respublikası dövləti faktiki olaraq şovinist və aqressiv siyasi qafalara “Azərbaycan” ideyasının, konseptinin, konsepsiyasının və azərbaycançılıq məfkurəsinin gücünü, ədalətli ruhunu və hüquqa əsaslanan məqsədlərini “başa saldı”! Anlatdı ki, Cənubi Qafqaz dəyişir! Bu, tarixi bir hadisədir!
Vətən müharibəsi sülhə yol açdı
II Qarabağ müharibəsinin regiona verdiyi töhfələri hələ çox öyrənmək lazımdır. Bu, iki aspektdə gərəklidir. Birincisi, Azərbaycan dövlətçiliyinin tarixi mahiyyətinin düzgün anlaşılması üçün. İkincisi, Vətən savaşının hansı mənalarda Cənubi Qafqazı postmüharibə mərhələsinə transfer etdiyinin fəlsəfi dərki regionun taleyi baxımından arxivacibdir.
Birinci aspekt üzrə Vətən müharibəsinin əsrlərdir ki, kənar geosiyasi güclərin apardıqları anti-Azərbaycan dövlətçiliyi kampaniyasının iflas nöqtəsi olması dərk edilməlidir. Azərbaycanda real dövlətçiliyin olmadığı, ümumiyyətlə, azərbaycanlıların dövlət qura bilmədikləri ilə bağlı Qərb və Rusiya təbliğat ruporunun saxtalığı 44 gündə aydınlaşdı. Sonra isə hətta erməni tarixçilərindən bəziləri də açıq etiraf etdilər ki, Cənubi Qafqazda müstəqil dövlət quruculuğu yalnız Azərbaycanda baş tutdu.
Əslində, bu gerçəkliyin ilk etirafı keçən əsrin 90-cı illərinin ikinci yarısında ABŞ-da yaşayan erməni kökənli bir neçə tarixçidən gəlmişdi. Hətta 1997-ci ildə İrəvanda beynəlxalq konsfransda bu barədə danışan amerikalı erməni tarixçini terror etdilər, onu xalq düşməni adlandırdılar. Lakin II Qarabağ savaşı göstərdi ki, erməni tarixçi haqlıdır və əlavə olaraq hazırda rəsmi İrəvanın əsas tezislərindən biri ondan ibarətdir ki, Ermənistanda gerçəkdən müstəqil dövlət qursunlar. Bununla erməni tərəfin də etirafı ilə əsrlərdir ki, Azərbaycanla bağlı antidövlətçilik təbliğatı tamamilə çökdü.
Bu, bir tərəfdən, azərbaycançılığın ideya və məfkurə kimi güclü nəzəri-ideoloji potensiala malik olması ilə yanaşı, praktiki səmərəsinin yüksək olduğunu təsdiq edir. Digər tərəfdən isə müasir mərhələdə Ümummilli liderin müstəqil dövlət qurmaq üçün hazırladığı kursun real vəziyyətə tam cavab verdiyini göstərir.
Bunların fonunda II Qarabağ savaşı Vətən uğrunda aparılan hərəkat kimi Cənubi Qafqazda Azərbaycan Respublikasının timsalında, bütövlükdə, regiona yeni geosiyasi, siyasi, iqtisadi, energetik və mədəni dinamika gətirə biləcək dövlət olaraq bərqərar olduğunu aksiom kimi qəbul etməli oldular. Yəni bu regionda bütün mənalarda xilaskarlığın, əməkdaşlığın, təhlükəsizliyin və inkişafın ilk ünvanı Bakıdır!
Vurğulanan yeni özəlliklər avtomatik olaraq başqa maraqlı məsələni önə çəkir. Vətən savaşı bütövlükdə regionu yeni keyfiyyət mərhələsinə transfer etməkdədir. Onun adı “postmüharibə mərhələsi”dir. Bu anlayışın iki miqyasda anlamı vardır.
Birinci, səviyyə konkret olaraq Azərbaycanın apardığı Vətən savaşında hərbi əməliyyatların bitdiyinin ifadəsi ilə bağlıdır. Bu o deməkdir ki, Azərbaycan qarşısına qoyduğu milli ideyaya nail olduqdan sonra ordusu ilə kiminləsə savaşa girməyəcək. Azərbaycan dövlət kimi Vətən savaşını sona çatdırmışdır. Bu, region üçün mühüm amildir. Çünki Azərbaycan çətin və mürəkkəb müharibədən sonra Cənubi Qafqazda hansısa hərbi toqquşmalara rəvac verə biləcək təşəbbüsdə bulunmayacaq. Buradan Vətən savaşının bitməsinin Cənubi Qafqaz miqyasında mənası alınır.
İkinci, Vətən müharibəsinin sona çatması özlüyündə regionda savaşların olmasına imkan verilməyəcəyini ifadə edir. Bu anlamda II Qarabağ savaşı humanitar məqsədi ilə Cənubi Qafqazda potensial savaşları dayandırdı. Anladılar ki, hərbi toqquşma ilə nəyəsə nail ola bilməyəcəklər. Buna görə də ən yaxşısı, ümumiyyətlə, müharibə etməməkdir. İndi Ermənistanı silahlandıranlar və revanşizm xülyasına düşən erməni siyasilər və hərbçilər bu gerçəkliyi çox yaxşı bilirlər. Onlar nə qədər sözdə aqressiv kimi görünsələr də, Azərbaycan Ordusunun zərbələrini bir daha “dadmaq” xülyasına düşməzlər və buna risk etməzlər. Gerçəklik budur! Ermənistan hansısa lokal şıltaqlıq edə bilər, lakin dövlət səviyyəsində müharibə etməyə cəsarəti çatmayacaq. Çünki İrəvanı itirməkdən bərk qorxurlar.
Beləliklə, II Qarabağ müharibəsinin və Azərbaycanın müasir mərhələdə Vətən savaşı fəlsəfəsinin regional miqyasda ən böyük əhəmiyyəti savaşları dayandırmağa aqressorları inandırması olmuşdur. Bu, azərbaycançılığın regional miqyasda xilaskar, qurucu və təhlükəsizliyi təmin edən məfkurə olmasının əyani təsdiqidir! Eyni zamanda, postmüharibə mərhələsinin fəlsəfi anlamı üçün zəngin informasiya mənbəyidir.
Postmüharibə mərhələsi
Bir hərbi savaşın, bütövlükdə, regionu müharibəsiz tarixi mərhələyə transfer etməsi, əlbəttə, tarixi olaydır. Azərbaycanın Vətən müharibəsinin regional miqyasda əsas töhfəsi regionu postmüharibə mərhələsinə keçirməsi ilə bağlıdır. Postmüharibə mərhələsi özlüyündə geniş mənaya malikdir. Burada bizi yeni mərhələnin ümumi mahiyyəti fonunda onun qurulması maraqlandırır.
Vətən savaşı regional miqyasda postmüharibə mərhələsinin təməlini hazırladı. Təməldə üç faktor aparıcı yer tutur: tarixi ədalətin təmini, regionda yaşayan hər bir xalqın milli ləyaqətinin gözlənilməsi və bütün hallarda beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməyin zəruriliyi. Azərbaycan qələbədən sonra atdığı addımlarla bu kriteriyaları, bütövlükdə, regiona tətbiq etməyin gərəkliyini göstərməkdədir. Onlar faktiki olaraq regionda mövcud olan hər bir dövlətin və xalqın marağına uyğundur. Onlar qalıcı sülh, əməkdaşlıq və təhlükəsizliyi təmin etmənin fundamentləridir.
Belə alınır ki, Azərbaycan sadəcə regionu yeni mərhələyə transfer etmədi, həm də onun əsas memarı oldu. Postmüharibə dövrünün yaradıcısı və qurucusu Azərbaycandır. Əlbəttə, kifayət qədər mürəkkəb vəzifədir. Lakin tarixi sifariş belədir.
Siyasi-diplomatik mübarizənin yeni mərhələsi
Təəssüf ki, bunu gerçəklik kimi qəbul etməliyik. Vətən müharibəsinin yaratdığı yeni pozitiv ab-havanı korlamaq cəhdləri davam edir. Regionda liderlik uğrunda mübarizə aparanlar “qırmızı xətti” tanımaq istəmirlər. Onlar rəsmi İrəvanın revanşist əhval-ruhiyyəsindən yararlanmaq üçün müxtəlif üsullara əl atırlar. Bununla Cənubi Qafqazda yaranmış yeni geosiyasi mənzərə və baş verməkdə olan tarixi-geosiyasi transformasiya üçün müəyyən risklər meydana çıxmışdır. Bu bağlılıqda Azərbaycan dövlətinin fəaliyyəti bütün region üçün strateji əhəmiyyəti olan faktor kimi qəbul edilir.
Başqa məqamlarla yanaşı, bu gerçəklik azərbaycançılığın regional və multiregional miqyaslarda sınağının başlamasını əks etdirir. Öncə, qeyd edək ki, bu tarixi bir sıçrayışdır. Çünki region tarixində ilk dəfədir ki, bir dövlətin müstəqil dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ideoloji konsepti regional və multiregional miqyaslarda praktiki-feili faktor olaraq önə çıxır. Cənubi Qafqaz tarixində buna oxşar hadisə baş verməmişdir.
Eyni zamanda, bu prosesin əhəmiyyətli tərəfi ondan ibarətdir ki, regional miqyasda feili fayda verməli olan ideoloji sistem azərbaycançılıqdır. Azərbaycançılıq konkret olaraq Azərbaycanın vahid vətən və vahid müstəqil dövlət quruculuğuna aiddir və onun regional səviyyəyə adekvat proyeksiyası asan vəzifə deyildir. Xüsusilə, əsrlərdir ki, ümumiyyətlə, Azərbaycanı ciddiyə almayan kəsimlərin onun regional miqyasda aparıcı olmasını qəbul etməlidirlər.
Bunun əsas səbəbi azərbaycançılığın lokal deyil, qlobal miqyasda birləşdirici və inkişafetdirici təməl tezislərə malik olmasıdır. Azərbaycançılığın gücü buradan qaynaqlanır. O elə bir məfkurədir ki, milli inkişafı, bütövlükdə, regional inkişafın stimullaşdırıcısı istiqamətinə yönəldə bilir. Azərbaycanın azərbaycançı dövlət və cəmiyyət kimi tərəqqisi birbaşa regional miqyasda inkişafın təməlini yaradır. Burada hansısa lokal və ya məhdud milli, etnik məqam yoxdur. Onun təminatı azərbaycançılığın söykəndiyi başlıca prinsiplərdən qaynaqlanır. Azərbaycançılıq mədəniyyət, ənənə, dil və din faktorlarına əsaslanır. Onlar isə hər bir xalqa aid ola bilər və universal xarakterlidirlər. Regionun hər bir xalqının mədəniyyətini, ənənəsini, dilini və dinini inkişaf etdirməyi təşviq edir. Bu mənada azərbaycanlılıq gürcülük və ya erməniliyin mövcudluğuna nəinki təhlükə deyil, hətta onların stimullaşdırılmasına yol açır. Azərbaycanlılar kimsənin öz adət-ənənəsi və mədəniyyəti çərçivəsində inkişaf etməsinə əngəl olmurlar. Buna bizim ehtiyacımız yoxdur, çünki kifayət qədər güclü millətik! Qonşuların da güclənməsində maraqlıyıq!
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru