Regionun ən böyük “yaşıl” enerji qurğularından sayılan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam etdirilir. Layihə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən icra olunur. Artıq layihə üzrə işlərin 30 faizindən çoxu tamamlanıb. Bura, əsasən, mühəndislik və mobilizasiya işləri daxildir. Ötən ay isə stansiyanın tikintisi üçün tələb olunan turbinlərin ilk partiyası Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına gətirilib.
“ACWA Power” şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik mətbuata müsahibəsində bildirib ki, stansiyanın tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün tədbirlər görülür. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsini Azərbaycanın az karbonlu iqtisadiyyata keçidində mühüm addım kimi dəyərləndirən regional direktor bildirib ki, sözügedən qurğu qalıq yanacaqlardan asılılığı və karbon emissiyalarını əhəmiyyyətli dərəcədə azaltmağa imkan yaradacaq ki, bu da Azərbaycanın karbon emissiyalarının azaldılması üzrə öhdəliklərinin yerinə yetirilməsinə mühüm töhfələr verəcək.
Onun sözlərinə görə, layihə tikinti və istismar mərhələsində minimal təsiri təmin etmək üçün ətraf mühitin mühafizəsi, sosial sahə və biomüxtəliflik üzrə ən yüksək dünya standartlarına cavab verir. Artıq ətraf mühitə və cəmiyyətə dəyəcək təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, hava keyfiyyəti, səs-küy, torpaq, suyun keyfiyyəti və sosial-iqtisadi şərtlər kimi amillər daxil olmaqla əsas tədqiqatların tamamlandığını bildirən Abid Malik deyib ki, tikinti və istismar zamanı potensial təsirləri minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirilir.
Regional direktor, həmçinin təmsil etdiyi şirkətin yerli iş imkanları yaratmaq, texniki bacarıqları inkişaf etdirmək və infrastrukturu təkmilləşdirməklə icmaların inkişafını dəstəkləməyə çalışdığını vurğulayıb: “Layihə çərçivəsində maraqlanan tərəflərlərlə başladılan geniş məsləhətləşmə Abşeron rayonunun Sitalçay, Xızı rayonunun Çaylı kəndlərinin nümayəndələrini, Kiçik və Orta Biznesin İnkişafı Agentliyini əhatə edən icmaların inkişafı üzrə komitələrinin yaradılmasına gətirib çıxardı. Bu komitələr icmaların inkişafı və investisiya proqramlarını dəstəkləmək məqsədi daşıyır”.
Onun dediyinə görə, “ACWA Power” beynəlxalq standartlara, o cümlədən Avropa İnkişaf və Təşkilat Bankı, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tələblərinə riayət edir: “Layihədə vəhşi quşları qorumaq üçün “Identiflight” sistemi kimi qabaqcıl texnologiyalar istifadə olunacaq. Ətraf mühitin izlənməsi proqramları layihənin bütün dövrü boyunca standartlara uyğun olaraq həyata keçiriləcək”, – deyə regional direktor əlavə edib.
Xatırladaq ki, “Xızı–Abşeron” layihəsi Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə həyata vəsiqə qazanıb. Sözügedən sənədə əsasən 240 meqavatlıq külək qurğusunun tikintisi Səudiyyə Ərəbistanı şirkətinə həvalə olunub. Ötən müddətdə layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır.
“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının təməli isə 2022-ci il yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə qoyulub. İlkin hesablamalara görə, stansiyada ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə il ərzində 220 milyon kubmetr təbii qaza qənaət etməyə, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa və 300 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək.
Ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən “Xızı–Abşeron” Külək Elektrik Stansiyası layihəsi sənaye həcmli bərpaolunan ilk enerji layihələrindəndir. Eyni zamanda stansiya Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerjisi istehsal edən qurğusu olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda ölkəmizdə ən böyük külək elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 meqavat gücündə olan “Yeni Yaşma” stansiyasıdır. Burada hər birinin gücü 2,5 meqavat təşkil edən 20 külək turbini quraşdırıldığı halda, “Xızı–Abşeron”da isə hər birinin gücü 6,5 meqavat olan 37 ədəd külək turbini fəaliyyət göstərəcək.
Stansiya iki məkanda – Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək və optimal külək yığımı nəzərə alınaraq yerləşdiriləcək. 25 il müddətinə “tikinti-sahiblik-istismar” (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək stansiya “ACWA Power” şirkəti tərəfindən idarə ediləcək. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyən bu layihə, həm də qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək.