Azərbaycanda rəqəmsallaşma üzrə milli reytinq sisteminin istifadəyə verilməsi istiqamətində işlər aparılır. “Polyhedron-Digital radar of Azerbaijan” rəqəmsallaşma milli reytinq sistemi ölkəmizin qlobal aləmdə rəqəmsallaşma səviyyəsini müəyyən etməyə imkan verəcək. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev bildirib ki, dünyada bir neçə reytinq indeksi mövcuddur ki, onlar vasitəsilə ölkələrin rəqəmsallaşma vəziyyəti qiymətləndirilir və reytinqi formalaşdırır. Bu baxımdan ölkəmizin rəqəmsallaşma vəziyyətini daha əhatəli şəkildə əks etdirmək, qlobal hesabatlarda daha yaxşı yerlərdə qərar tutmasını təmin etmək üçün milli reytinq sisteminin yaradılması zəruridir. Yeni reytinq sisteminin yaradılması istiqamətində görülən işlər çərçivəsində milli qiymətləndirmə metodologiyası formalaşdırılıb, “Polyhedron” adlanan yanaşma-ölçmə mexanizmi rəqəmsal inkişaf konsepsiyası ilə tam uyğunlaşdırılıb. “Polyhedron” mexanizmi 9 fərqli komponent üzrə qiymətləndirmə həyata keçirməyə imkan verir ki, bu da rəqəmsal tədqiqlərdə iştirak edən bütün tərəfləri daha əhatəli və məsuliyyətli tədbirlər aparmağa dəvət edir.
Azərbaycanın beynəlxalq mövqeyini yaxşılaşdıracaq
Rəqəmsallaşma iqtisadi inkişafı və şəffaflığı təmin edir
Rəqəmsal texnologiyaların geniş tətbiqi hazırda inkişaf edən müasir informasiya cəmiyyətinin əsas atributlarından biridir. Hazırda dünyada Sinqapur, Danimarka, ABŞ, Yaponiya, Estoniya, Kanada, Yeni Zelandiya, Koreya, Böyük Britaniya, Tayvan və digər ölkələr rəqəmsallaşmanın səviyyəsinə görə, ən inkişaf etmiş ölkələrdir. Həmin ölkələrdə rəqəmsallaşma cəmiyyətin adi həyat tərzinə çevrilib, hətta bəzi ölkələr rəqəmsal valyuta buraxmaqdadır.
Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramına üzv ölkələrdən biri kimi Avropa ölkələri ilə elektron idarəçiliyin inkişafı sahəsində sıx əməkdaşlıq edərək rəqəmsal quruculuqda ən son yenilikləri öyrənərək tətbiq etməkdədir. 2011-ci ildən rəqəmsallaşmaya start verən Azərbaycan Elektron Hökumət Platformasının istifadəyə verilməsi ilə rəqəmsal xidmətlər infrastrukturunu qurub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) fəaliyyətə başlaması, “Elektron hökumət” portalının istifadəyə verilməsi isə “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsində mühüm rol oynayıb.
Bütün rəqəmsal xidmətlərin icrasını təmin edən “Asan İmza” və “SİMA” sistemləri isə biznesin inkişafına, yerli və xarici sahibkarların qeydiyyatı və fəaliyyətinin asanlaşmasına, rəqəmsal xidmətlərdən faydalanmağa səbəb olmaqdadır. Bu sistem, həmçinin Azərbaycanın ixrac potensialının artırılmasında biznes üçün səmərəli bir vasitəyə də çevrilməkdədir. Bu xidmətlərin “Azexport.az” portalına inteqrasiya edilməklə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların istehsalçıları ilə dünyanın nüfuzlu biznes nümayəndələri arasında elektron ticarət mübadiləsinin yaradılmasına töhfə verməkdədir.
2026-cı ilə qədər ictimai xidmətlərin 80 faizi rəqəmsallaşacaq
Rəqəmsallaşma iqtisadi, sosial inkişafə təkan verməklə yanaşı, ölkənin milli informasiya təhlükəsizliyinin etibarlı mühafizəsi baxımından da əhəmiyyət kəsb edir. Bu strateji baxışın ən mühüm platforması olan “Rəqəmsal hökumət” isə idarəçilikdə səmərəliliyin və qarşılıqlı yaxşı partnyorluğun yaradılması, şəffaflığın təmin edilməsində ən yaxşı modeldir. Bu model cəmiyyətin açıq informasiya əldə etməsi baxımından da mütərəqqi hesab olunur. Ona görə də, rəqəmsallaşmanın daha dərin təşəkkül tapması demokratik inkişafı və şəffaf idarəçiliyi gücləndirir. Rəqəmsallaşma həm də ekoloji əhəmiyyət daşıyır, rəqəmsal xidmətlərin çeşidinin artması kağız daşıyıcılardan istifadəni də minimallaşdırır ki, bu meşələrin azalmasına, müxtəlif resurslara qənaət edilməklə karbon emissiyasının azalmasına səbəb olur. Bu isə “yaşıl dünya” quruculuğuna verilən töhfələrdən biridir.
Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyat quruculuğu istiqamətində ən son innovasiyaların tətbiqində çox maraqlıdır və bu istiqamətdə genişmiqyaslı islahatlar həyata keçirir. Rəqəmsal İqtisadiyyat Strategiyası və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədləri çərçivəsində nəzərdə tutulan fundamental hədəflərin əsas qayəsi də dayanıqlı və rəqabətədavamlı rəqəmsal sənaye arxitekturasının möhkəmləndirilməsidir.
Rəqəmsal qanunvericliyin təkmilləşdirilməsi də yuxarıda vurğuladığımız prioritetlərin tərkib hissəsidir. Yeni hazırlanan “İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsi isə rəqəmsal iqtisadiyyatın şaxələndirilməsi və hasilat sənayesindən asılılığın azaldılması üzrə milli baxışı özündə əks etdirir. Layihədə yeni innovasiya texnologiyalarının daha geniş tətbiqi məqsədilə birbaşa xarici investisiyaların artırılması üçün yeni sərmayə təşviqlərinin verilməsi nəzərdə tutulur. Hökumət bu baxımdan rəqəmsal xidmətlərin bütün sferalara nüfuz etməsinə çalışır və 2026-cı ilə qədər ölkədə ictimai xidmətlərin 80 faizinin rəqəmsallaşdırılması planlaşdırılır.
Ən yaxşı ölkələr qrupunda...
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UNDESA) Rəqəmsal Hökumət üzrə rəhbəri Vinçenzo Aquaro Azərbaycanın rəqəmsal quruculuğu yüksək dəyərləndirib. Eləcə də Azərbaycanın rəqəmsal nailiyyətləri aparıcı dünya təşkilatları tərəfindən tərtib edilən hesabatlarda da öz əksini tapmaqadadır. Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatında Azərbaycanın müasir İT yenilikləri, startaplar və innovasiyalar üzrə yaratdığı əlverişli biznes mühiti müsbət qiymətləndirilib. Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb. “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycan rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib. Rəqəmsallaşma üzrə milli reytinqin hazırlanması isə Azərbaycanın mövqeyini daha da yaxşılaşdıracaq.
Elbrus CƏFƏRLİ