"Bir il ərzində Ermənistan hökumətinin və Qarabağ separatçılarının apardığı siyasət ona hesablanmışdı ki, Azərbaycana ərazi iddialarının olmadığını imitasiya edərək vaxt udsunlar".
Bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2027-ci ildə Konstitusiyanı dəyişdirəcəyi ilə bağlı sözü də bu məqsədə xidmət edir:
"Ermənistan zaman qazanaraq özünü gücləndirməklə məşğuldur. Zəngəzur bölgəsində hərbi istehkamlar qurulur. Təkcə müdafiə xarakterli deyil, həm də hücum xarakterli silahlar alınır”.
Müsahibimiz qeyd edib ki, Bakının hədəflərinin bir neçə istiqaməti var:
“Birincisi, Qarabağ səhifəsi artıq bağlanılıb. Bundan sonra hadisələr Qarabağ ətrafında və Zəngəzurda cərəyan etməlidir. Şahramanyan kimilərə cavabımız odur ki, Qarabağ ermənilərinin qayıdış məsələsi müzakirə predmeti olmayacaq. Təsadüfi deyil ki, Paşinyan özü belə ermənilərin Qarabağa qayıdışı məsələsini müzakirə etmir. Rəsmi statistika ondan ibarətdir ki, Qarabağdan köçən ermənilərin 23 mini son üç ayda başqa ölkələrə gediblər, onların içərisində Ermənistan vətəndaşlığı alanlar da var. Bu məsələni gündəmə gətirən Fransa kimi ölkələrə cavabımız ondan ibarət olacaq ki, Zəngəzur və Göyçə gölünün ortasında, şərti sərhədlərədək olan ərazi "bufer zona", "silahsızlaşdırılmış zona" elan edilsin. Niyə torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan ordusu güclənməli, silahlanmalıdır? Azərbaycan buna imkan verməyəcək. Qarşımızda, İkinci Dünya müharibəsindən sonra Almaniya, Yaponiya nümunəsi var. Müharibədə işğalçı obrazında olan dövləti tənbeh etməyin ən gözəl yolu məhz demilitarizasiyadır”.
Z.Məmmədovun dediyinə görə, əgər Ermənistan tərəfi Azərbaycanın mövqelərinə davamlı atəş açacaqsa, əldə etdikləri yeni silahlardan bizə qarşı istifadə edəcəklərsə, Ordumuzun tam hüquqi çatır ki, şərti sərhədlərdə "bufer zona" yaradaq. Paşinyan düşünməsin ki, beton şitlərlə Ordumuzun qarşısını ala biləcək.
Zaur Məmmədov: Ermənistan zaman qazanaraq özünü gücləndirməklə məşğuldur
Qərbi Azərbaycan İcmasının da bəyanatında vurğuladığı kimi Qərbi Azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdırlar:
"Qarabağ ermənilərindən danışan şahramanyanlar başa düşməlidirlər ki, onlar ilk növbədə Qərbi Azərbaycanlıların doğma yurdlarına geri dönüşünü həll etməlidirlər. Nikol Paşinyan bəyanatında iddia etdi ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var. Baş nazir özü də bunun həqiqət olmadığını bilir. Azərbaycan Konstitusiyasında belə məqam yoxdur. Müstəqillik Aktında Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğumuzu elan etmişik. Bu da reallıqdır, tarixi faktdır. Ermənistan məqsədyönlü şəkildə özünü Ararat Respublikasının varisi elan etməyib, çünki o zaman əraziləri 9 min kv.km. idi. Paşinyan da bunun fərqindədir və ona görə deyir ki, Qarabağ məsələsini kənara qoyub, Ermənistanın bugünkü sərhədlərindən, ərazisindən danışmaq lazımdır".
Aydın Baxış