Azərbaycanda yeni doğulan uşaqlar arasında ölüm halları çoxalıb. Ötən il 1 yaşınadək həyatını itirən uşaqların sayında rekord qeydə alınıb. Bu say 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur.
Ümumilikdə 2039 uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib.
Bəs perinatal dövrdə ortaya çıxan hallar dedikdə nələr nəzərdə tutulur? Ümumiyyətlə, belə sonluğun olmaması üçün nələrə diqqət etmək lazımdır? Körpələri həm ana bətnində, həm də doğulduqdan sonra necə qorumaq olar? vakansiyalar
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən pediatr infeksionist Aytən Ziyadova məsələyə aydınlıq gətirib:
“Perinatal dövr, hamiləliyin 22-ci həftəsindən başlayaraq doğumdan sonrakı ilk 7 günü əhatə edir. Bu dövrdə meydana çıxan hallara ana və ya körpədə baş verən sağlamlıq problemləri, doğum zamanı yaranan çətinliklər, vaxtından əvvəl doğum, infeksiyalar, hipoksiya (oksigen çatışmazlığı), doğum travmaları və digər tibbi vəziyyətlər daxildir. Bu hallar körpənin həyatına ciddi təhlükə yarada bilər və bəzi hallarda ölümə səbəb ola bilər”.
Həkim bildirib ki, bu cür sonluqların qarşısını almaq üçün bir sıra məqamlara diqqət etmək vacibdir:
Hamiləlik dönəmində müntəzəm tibbi nəzarət olmalıdır. Hamilə qadınların hamiləlik boyunca davamlı olaraq həkimə müraciət etməsi, inkişaf edən problemlərin erkən aşkarlanmasına və müdaxilə edilməsinə kömək edir.
Sağlam həyat tərzi bu dönəmdə mütləqdir. Hamiləlik müddətində düzgün qidalanma, fiziki aktivlik və siqaret, alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq ana və körpənin sağlamlığı üçün çox önəmlidir.
İnfeksiyalardan qorunmaq lazımdır. Hamilə qadınların infeksiyalardan qorunması çox vacibdir. Rubella, toxoplasma və Zika kimi infeksiyalar körpənin inkişafına zərər verə bilər. Bu səbəbdən vaksinasiya və gigiyenik qaydalara riayət etmək vacibdir.
Doğumun uyğun şəraitdə aparılması da olduqca vacibdir. Doğum prosesinin təcrübəli tibbi personal tərəfindən idarə edilməsi və lazımi texniki avadanlıqların mövcudluğu, doğum zamanı və sonra yaranan fəsadların qarşısını almağa kömək edir.
Vaxtında doğuşa hazırlıq görülməli və təxirəsalınmaz yardımlar edilməlidir. Körpə doğulduqdan sonra reanimasiya və ilkin tibbi yardımlar üçün hazırlıqlı olmaq lazımdır. Vaxtından əvvəl doğan və ya aşağı çəki ilə doğulan körpələr üçün xüsusilə xüsusi qayğı tələb olunur”.
Həkim qeyd edib ki, doğumdan sonra körpənin düzgün izlənməsi də önəmli məqamdır:
“Körpənin doğulduqdan sonra, xüsusilə, ilk günlərdə müntəzəm olaraq həkim tərəfindən nəzarətdə saxlanılması vacibdir. Erkən dövrdəki problemlərin aşkarlanması və müalicəsi həyat qurtarıcı ola bilər. Ana və körpənin sağlamlığını təmin etmək üçün bu tədbirlər çox mühüm rol oynayır”.
Aytac Şahin
Telegram kanalımız