“Qarabağ” klubunun mərkəz müdafiəçisi Bəhlul Mustafazadə futbol üzrə Azərbaycan milli komandasının heyətindən çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Buna müdafiəçinin zədələnməsi səbəb olub.
Xatırladaq ki, Azərbaycan yığması ötən gün UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda İsveç yığması ilə qarşılaşıb və 1:3 hesabıyla məğlub olub. Bəhlul bu görüşdə 90 dəqiqə meydanda olub.
Millimiz sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək. Mustafazadə isə zədə səbəbindən səfərə aparılmayacaq. Onun zədəsinin nə dərəcədə ciddi olduğu və bərpa müddəti hələ bəlli deyil.
Azərbaycan yığmasında 2019-cu ilin sentyabr ayında debüt etmiş Bəhlul indiyə qədər millimizin heyətində 32 oyuna çıxıb, 1 qola imza atıb. O, 2021-ci ilin iyul ayından “Qarabağ”da çıxış edir. Milli üzvü Ağdam klubunun heyətində 108 oyun keçirib, 4 qola imza atıb. 27 yaşlı futbolçu daha öncə “Sabah”, “Qəbələ” və “Sumqayıt”ın da formasını geyinib.