AZ

İqtisadi diplomatiya

Azərbaycan qeyri-neft ixracının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirməklə mövcud məhdudiyyətləri aradan qaldıra və gömrük ittifaqları ilə əməkdaşlığı genişləndirməklə qeyri-neft ixracının əsaslı şəkildə artımına nail ola bilər. Qeyri-neft ixracının artırılması baxımından ilkin şərt qeyri-neft istehsalının artırılmasıdır. Bunun üçün emal sənayesinin inkişafının sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, isthesal prosesinin bütün mərhələlərini keçən məhsul istehsalının stimullaşdırılmasına ehtiyac vardır. İstehsal və ixracın diversifikasiyası mürəkkəb proses olduğundan ilkin mərhələdə üfüqi diversifikasiyanın tətbiqi (eyni sektorda istehsal edilən məhsul növlərinin artırılması) məqsədəuyğun olar. Məsələn, ilkin mərhələdə kimya sənayesi və kənd təsərrüftına aid olan emal mərhələlərini keçmiş məhsulların istehsalını artırmaq olar. Daha sonra şaquli diversifikasiyaya (fərqli sektorlarda istehsalın artrılması) keçid etmək mümkündür. Şaquli diversifikasiyanın həyata keçiriləcəyi sahələrə isə yüngül sənaye, ağır sanaye, turizm, maliyyə və rəqəmsal xidmətlər, İT kimi sahələr aid ola bilər. Qeyri-neft sektorunda istehsalın artırılması istehsal ediləcək məhsullara olan tələbdən birbaşa asılıdır. Azərbaycan kiçik daxili bazara malik olduğundan qeyri-neft sektorunun böyük miqyaslı inkişafını həyata keçirmək üçün xarici bazarlara çıxış imkanlarını genişləndirilməsinə, Azərbaycan məhsullarına tələbatın çox ola biləcəyi bazarların müəyyən edilməsinə ehtiyac vardır. Bu istiqamətdə dövlət mülkiyyətində olan istehsal sahələrinin xarici sərmayədarların iştirakı ilə özəlləşdirilməsi vacib şərtdir. Qeyri-neft ixracının əsaslı şəkildə artırılması və davamlılığıının təmin edilməsi üçün yeni bazarların tapılması və istehsal səviyyəsinin artırılması paralel şəkildə aparılmalıdır. Xarici bazarlara çıxış əldə etmək üçün isə gömrük ittifaqları ilə münasibətlərə yenidən baxıla və ikitərəfli münasibətlər əsasında yeni bazarlara çıxmaq imkanları nəzərdən keçirilə bilər. Məsələn, Avrasiya İqtisadi Birliyinin bazarına daxil olmaq üçün Azərbaycan qeyri-ənənəvi qeyri-neft məhsullarının istehsalını artırmalı və bu bazara yönəltməlidir. Avropa İttifaqının (Aİ) bazarına daxil olmaq üçün isə Ümumdünya Ticarət Təşkilatına üzvlük kimi institutusional problemlər həll edilməli və istehsal Aİ standartlarına uyğunlaşdırılmalıdır. Eyni zamanda Türk Dövlətləri Təşkilatının iqtisadi məkanı da bu baxımdan faydalı ola bilər. Gömrük ittifaqlarına daxil olmaq üçün mövcud prrblemləri nəzərə aldıqda, bu problemlər həll edilənə kimi Azərbaycan ikitərəfli əsasda ticarət əlaqələrinin inkişaf etdirərək yeni bazarlara daxil ola bilər. Azərbaycanın qeyri-neft məhsullarının ixrac edilə biləcəyi potensial bazarlara bir neçə regional qrupu aid etmək olar: Orta Şərq və Şimali Afrika (MENA), Cənub-Şərqi Asiya, Cənubi Asiya, Mərkəzi Asiya. Bu bazarlara daxil olmaq üçün Azərbaycanın bu ölkələr ilə ikitərəfli, coxtərəfli, regional və azad ticarət sazişləri imzalaması faydalı ola bilər. Çinlə və Mərkəzi Asiya ilə Orta Dəhliz, Rusiya ilə Şimal-Cənub dəhlizi çərçivəsində əməkdaşlıq turizm və nəqliyyat kimi qeyri-neft sektoruna aid olan sahələrin inkişafına yol aça bilər. Bundan başqa, qeyri-neft ixracının artırılmasında xarici ölkələrdə ticarət nümayəndəliklərinin sayının və səmərəsinin artırılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, sənayeləşmənin artırılması kimi tədbirlər də faydalı ola bilər. Bunun üçün ümumi baxış formalaşdırılmalı, bu baxış çərçivəsində dövlət zəruri şərait yaratmalı, dövlətin bütün strukturlarının fəaliyyəti iqtisadi fəallığın artırlmasına yönəldilməlidir. Belə mühit formalaşdırıldıqdan sonra əsas yer özəl sektora verilməli və qeyri-neft sektorunun inkişafında özəl sektor drayverə çevrilməlidir. Əsas məqsəd yaxın beş-altı il ərzində qeyri-neft ixracını 10 milyard dollara çatdırmaqdır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
anspress.com

1Mənbələr