“Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı söyləyib.
Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycanda səfərini xatırladan dövlət başçısı qeyd edib: “Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq”.
***
Prezident qeyd edib ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır.
“Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollara bərabər olmuşdur və burada artım üçün potensial var. Təkcə enerji sektorunda deyil, digər sektorlarda da Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir”, - deyə dövlət başçısı əlavə edib.