AZ

"Ukraynada daha bir neçə nazir istefa verə bilər, çünki Zelenski..." - AÇIQLAMA

Ukraynada vəzifəli şəxslərin ard- arda istefa əraziləri yazması Kiyevin müharibədə qismən təşəbbüsü ələ aldığı və Rusiya ərazisinə daxil olduğu vaxta təsadüf edir. Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkənin keçmiş xarici işlər naziri Dmitri Kulebanın istefasına münasibət bildirib: “Dmitri Kuleba ona görə vəzifəsindən istefa verdi ki, onun Ukrayna ordusunun silahla təminatı məsələsini həll etməyə enerjisi çatmırdı”.Bundan əvvəl Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim etmişdilər.

 

Maraqlıdır, məhz Kiyevin təşəbbüsü ələ aldığı bir zamanda nazirlər niyə istefa verirlər? Növbəti dəfə kimlər oxşar addımı atacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, döyüş meydanında yaranan yeni reallıqlar Ukrayna hərbi-siyasi hakimiyyətində fikir ayrılığına səbəb olub:

 

“Ukrayna hazırda ABŞ-dən çox asılıdır. Bu, rəsmi Kiyevin manevr imkanlarını məhdudlaşdırır. Ola bilsin, elə bu amil də hərbi-siyasi elitada ziddiyyətləri gücləndirir. Mümkündür ki, əslində Zelenski özü sözügedən kadrlardan istefa ərizələrini yazmalarını istəyib. Əks halda, yəni əgər dövlət başçısı özü bu qədər məmuru birdən-birə istefaya göndərsə idi, bu, daxildə narazılığa səbəb olardı. Bu istefa ərizələri yazılmasa idi, Ukrayna hərbi-siyasi elitasındakı gərginlik daha da böyüyəcək və ictimailəşəcəkdi. Ola bilsin, rəsmi Kiyev bunun qarşısını almağa çalışıb”.

 

K.Novruzov bildirib ki, gələcəkdə Ukraynanın müdafiə naziri Rustem Umerovun da istefa ərizəsi yazması və ya istefaya göndərilməsi istisna deyil:

 

“Zelenskinin açıqlamasına gəldikdə isə demək lazımdır ki, Ukrayna ordusunun silahla təminatı məsələsi təkcə xarici işlər nazirinin vəzifəsi deyil. Bu işdə müdafiə nazirinin, Baş nazirin və digər vəzifəli şəxslərin də rolu var. Əgər Kulebanın istefasının səbəbi, doğrudan da, Zelenskinin səsləndirdiyi fikirdirsə, onda gələcəkdə daha ciddi kadrların da vəzifəsindən azad olunması istisna deyil”.

 

Günay Rəsulqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
sfera.az

1Mənbələr