Gözəl gülüşə sahib olmaq üçün sağlam dişlərimiz olmalıdır. Lakin bəzi diş problemləri var ki, onlar bu görünüşə mane olur. Diş sağlamlığı üçün bir sıra müalicə üsulları mövcuddur. Son vaxtlar itirilən dişlərin bərpası üçün ən çox müraciət olunan seçim implant dişlər olsa da, hər pasiyentin diş və sümük forması buna icazə vermir. Belə olduqda isə ən ideal seçim diş körpüsü və diş örtükləridir.
Diş örtüklərini seçmək istəyən pasiyentlərin ən çox tərəddüddə qaldıqları mövzu isə zirkon, yoxsa keramika dişlərdir. Hər iki üsulun isə öz müsbət və mənfi cəhətləri var.
Bəs həmin örtüklərin müsbət və mənfi cəhətləri hansılardır?
Mözu ilə bağlı Sfera.az-a danışan stomatoloq Elşən Hüseynov bildirib ki, zirkon dişlər daha çox tövsiyə ediləndir.
“Bu dişlər diş ətinin sağlamlığı üçün ən münasib və məsləhətli olanıdır. Zirkon metaldan fərqli olaraq təbii dişin strukturuna demək olar ki, çox yaxındır. Bu dişlər digər diş örtüklərinə görə daha təbii görünür və estetik diş quruluşu yaradır. Keyfiyyətli və möhkəm olduğu üçün uzun illər rahatlıqla istifadə edilə bilir. Həmçinin onlar aşınmaya davamlıdır. Mütəmadi edilən həkim müayinələri ilə bu dişlər uzun illər istifadə oluna bilər. Metal konstruksiyalı örtüklərdən fərqli olaraq ağızda dad dəyişikliyi olmur. Rəngi də demək olar ki, dəyişmir”.
Həkim qeyd edib ki, keramika dişlər metal ilə dəstəklənən dişlərdir.
“Metal keramikalar da keyfiyyətli hesab olunur. Zirkondan əvvəl ən yaxşı seçim metal keramikalar idi. Ancaq onun xarici görüntüsündə estetiklik zirkona və təbii dişlərə nəzərən azdır. Keramika dişlərin strukturu metalla dəstəkləndiyi üçün istifadəsi zamanı bəzi problemlər baş verə bilər. Metal keramika dişlər diş əti ilə uyğunlaşmadığı zaman yemək yedikdən sonra qalan qırıntıların diş aralarına dolması nəticəsində dişlərdə çürümələrə də yola aça bilir. Zirkon örtüklərin işıq keçiriciliyi metal keramikalara nisbətən daha çoxdur. Bu dişlər təbii dişlərə yaxın işıq keçiriciliyinə sahib olduğu üçün onu seçənlərə təbii diş kimi estetik bir gülüş bəxş edir. Bu dişlər metal keramikalara nisbətən diş ətinə daha çox uyğundur və heç bir şəkildə diş ətlərinə zərər vermir. Qiymətinə görə isə metal keramikadan olan dişlər zirkon örtüklərə nəzərən daha münasibdir. Bu dişlər funksional olaraq keyfiyyətlidir, ancaq təəssüf ki, estetik cəhətdən zirkon dişlərə nəzərən qeyri-təbii görünür”.
Həkimin sözlərinə görə, dişlərdə olan rəng dəyişmələri dişlərin bəyazladılması (bleaching) ilə aradan qaldırıla bilər:
“Ağartma prosesi zamanı dişin özünün rəng tonu 2-3 qat açıla bilər. Əgər bu proses peşəkar həkim tərəfindən aparılmazsa, damaq yanıqları əmələ gələ və diş minası zədələnə bilər”.
Üllər Abdurahmanlı