Bakı, 6 sentyabr, AZƏRTAC
“Bugünkü konfrans bütöv hüquq ictimaiyyəti üçün yeni bir mövzu ətrafında təşkil olunub. Hüquq və təmiz ətraf mühit hüququnu birləşdirmək mövzusu müzakirə edilir. İndiyə qədər həmin məsələlərlə akademik ictimaiyyət məşğul olurdu, amma artıq məhkəmələrdə də bu işlərə baxılmasına başlanılıb”.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Hakimlər İttifaqının prezidenti Duro Sessa Bakıda jurnalistlətə müsahibəsində deyib.
"Ayrı-ayrı ölkələrdə təmiz ətraf mühit hüququnun həyata keçirilməsini necə təmin etmək mümkündür? Demokratik dövlətlərdə bu məsələlərlə bağlı məhkəmələr qərar qəbul edirlər. Təmiz ətraf mühit hüququ ilə bağlı indiyə qədər müəyyən məhkəmə qərarları qəbul olunub. Onların əksəriyyəti Avropa İnsan Hüquqları Məhkəməsinə aiddir. Müəyyən məsələlər var ki, onları cavablandırmaq vacibdir. Əsas cavablandırılmalı sual oldur ki, təmiz ətraf mühit hüququ beynəlxalq məsələdir, yoxsa milli səviyyədə təmin olunmalıdır? Bir qayda olaraq bu məsələlər bir ölkəyə bağlı olmur və bir sıra ölkələri əhatə edir. Bu da məsələni beynəlxalq şəkildə səciyyələndirir. Zənnimcə burada siyasi iradənin olması çox vacibdir”, - deyə D.Sessa qeyd edib.
Qeyd edək ki, Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfrans keçirilir.