AZ

Generalların sərhədə xəbərdarlıq səfəri

Azərbaycan Ordusunun Ermənistanla sərhəd ərazilərdə bölmələrinin döyüş hazırlığı yoxlanılır. 

Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlayıb. 

Məruzə edilib ki, bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur və fasiləsiz xidmət aparılır. Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və psixoloji hazırlığını yüksək qiymətləndirib. General-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin daha keyfiyyətli təşkili, eləcə də ayıq-sayıqlığın artırılmasına dair aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub. 

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “Cebheinfo.az”-a şərhində qeyd edib ki, son zamanlar Ermənistan silahlı birləşmələri Azərbaycanla şərti sərhəddə aqressiv davranışlara yol verir: 

“Həm atəşkəsin pozulması, həm ordumuzun mövqeləri üzərində PUA uçuşlarının həyata keçirilməsi, həm də şərti dövlət sərhədinə yaxın ərazilərdə düşmən hissələrinin yerləşdirilməsi, təbii ki, ordumuz tərəfindən daha adevkat addımların atılmasını zəruri edir. Bu məqsədlə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər şəxslərinin ordumuzun Ermənistanla şərti sərhəddə yerləşən mövqelərini ziyarət etməsi gözlənilən idi. Bu ziyarət nəticəsində xidməti döyüş fəaliyyətinin üstün səviyyəyə çıxarılması, ayıq-sayıqlığın artırılması və qarşı tərəfin təxribatçı əməllərinə qarşı cavabxarakterli addımların atılması barədə göstərişlər verilib. Hesab edirəm ki, bu səfər zamanında həyata keçirilib. Ermənistan tərəf bu səfərin acı nəticələrini dadmamaq üçün öz davranışlarına diqqət yetirməli və təxribatlardan əl çəkməlidirlər”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
cebheinfo.az

1Mənbələr