AZ

Soltan Məmmədov: Bakı Qlobal Platforması ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfəsi olacaq

“COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi önəmli töhfələrdən biri olacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan qlobal əhəmiyyətli məsələlərin həllində fəal dövlətlərdən biri kimi özünü dünyaya təqdim edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, COP29 parlament iclasının məruzəçisi Soltan Məmmədov deyib.

Deputat bildirib ki, platformanın əsas məqsədi qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirməkdən ibarətdir: “İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platforması İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına dəstək verəcək. Azərbaycan bu il dünyanın ən mötəbər tədbirlərindən birinə ev sahibliyi edəcək. COP29 bütün bəşəriyyət üçün son dərəcə ciddi əhəmiyyət kəsb edən, planetimizin gələcəyi ilə bağlı narahatlıq doğuran məsələlərin müzakirə olunduğu beynəlxalq səviyyəli tədbirdir. Bizim ölkəmiz qlobal iqlim dəyişikliyi ilə mübarizəyə çox böyük məsuliyyətlə yanaşır. Beynəlxalq ictimaiyyət Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirləri, ümumilikdə iqlim dəyişikliyi ilə qlobal mübarizədə fəal iştirakını yüksək qiymətləndirir. COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi də məhz bu etimadın nəticəsidir”.

S. Məmmədov vurğulayıb ki, bütün planet üçün təhdid hesab olunan ekoloji çağırışlar fonunda Azərbaycanın son illərdə həyata keçirdiyi enerji və iqlim siyasəti ümumilikdə dünyada enerji təhlükəsizliyi arxitekturasının dəyişdirilməsini nəzərdə tutur: “Əsas məqsədlərdən biri enerji ehtiyaclarının bərpaolunan enerji mənbələri hesabına ödənilməsi hədəfinə çatmaqdan ibarətdir. Beynəlxalq təşkilatların hesabatlarında əksini tapmış faktlar, Azərbaycanda bərpaolunan enerji hasilatının tədricən artırılması istiqamətində görülən işlər onu deməyə əsas verir ki, ölkəmiz bu sahədə ciddi uğurlar qazana bilib. Lakin iqlim dəyişikliyi ilə mübarizə çoxşaxəli prosesdir və yalnız ölkə daxilində deyil, beynəlxalq platformalarda da fəal olmağı tələb edir. Azərbaycan ötən dövrdə bu sahədə bir çox təşəbbüslə çıxış edib”.

O qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiellin İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işə salınmasını yüksək qiymətləndirməsi bu təşəbbüsün beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etdiyini göstərir: “Bakı Qlobal Platforması iqlim şəffaflığı sahəsində qlobal səylərə əlavə töhfə verəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
31
apa.az

7Mənbələr