AZ

“Böyük sıfırlama” nəyə və kimə lazımdır? - PƏRDƏARXASI

2024-cü ilin sentyabrı Ukrayna siyasətində dönüş nöqtəsi oldu.  

Ukrayna hökumətində genişmiqyaslı kadr dəyişiklikləri baş verir. 

Nazirlər Kabinetinin yarıdan çoxu istefa verib və “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia bunu “böyük sıfırlama”nın bir hissəsi kimi “ixtisarlar günü” adlandırıb. Bu dəyişikliklər bir çox suallar doğurur: Kiyev niyə belə radikal addımlar atmağa qərar verdi və Prezident Volodimir Zelenski hansı məqsədləri güdür? 

Kadr dəyişikliyinin səbəbləri

Hökumət dəyişikliyi çoxları üçün sürpriz oldu, lakin onun səbəbləri tamamilə başadüşüləndir. Zelenski açıq şəkildə bildirdi ki, 2024-cü ilin payızı Ukrayna üçün əsas dövr olacaq və hökumət yeni çağırışlara hazır olmalıdır. Zelenski vurğulayıb ki, ölkə bütün dövlət orqanlarının işini müasirləşdirmək və gücləndirmək lazım olan mühüm mərhələdədir. Xarici və daxili siyasət, müdafiə, NATO və Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyət yeni yanaşmalar və təzə ideyalar tələb edir. İstefa verənlər arasında işi tənqidlərə səbəb olan nazirlər də var. 

Şikayətlər həm ümumi fəaliyyət göstəriciləri, həm də səfirlərin zəif seçilməsi və zəif diplomatik fəaliyyət kimi xüsusi uğursuzluqlarla bağlı idi. Xarici İşlər Nazirliyinin və onun rəhbəri Dmitri Kulebanın işindən narazılıq kadr dəyişikliyinin səbəblərindən biri olub. Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurmanın istefasında müşahidəçilər həm korrupsiya qalmaqallarının, həm də Ukraynanın Qərb tərəfdaşlarının narazılığının təsirini görürlər. Mənbələrin məlumatına görə, Şurma Ukrayna hakimiyyətinin yeni iş standartlarına cavab verməyən bir fiqur kimi qəbul edilib. 

Onları kim əvəz edəcək? 

Artıq Ukrayna hökumətinin bir neçə əsas siması vəzifəsini tərk edib:

Xarici işlər naziri niyə istefa verdi? 

2020-ci ilin martından xarici işlər naziri olan Dmitri Kuleba da istefa verib. Onun getməsinin əsas səbəbləri bir sıra amillərlə bağlıdır. 

Birinci amil diplomatik xidmətin tənqididir. KİV-in məlumatına görə, Prezident Aparatı və beynəlxalq tərəfdaşlar Ukrayna Xarici İşlər Nazirliyinin işindən narazılıqlarını bildiriblər. Xüsusilə şikayətlər səfirlərin seçilməsi və diplomatik işin ümumi səmərəliliyi ilə bağlı olub. Səfirliklərin qeyri-qənaətbəxş vəziyyətinə dair məlumatlar müxtəlif mənbələrdən, o cümlədən siyasətçilər və yerli işçilərdən daxil olub. 

İkinci səbəb Prezident Aparatı ilə konfliktdir. Əsas xarici siyasət məsələləri üzrə fikir ayrılıqları, eləcə də tərəfdaşların təzyiqləri nazirin dəyişdirilməsi ilə bağlı qərara səbəb olub. Kulebanı Böyük Britaniyaya səfir göndərilməsi planlaşdırılırdı, lakin sonradan bu vəzifə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya həvalə edildi. 

Kadr dəyişikliyi siyasətə necə təsir edəcək?

Ukrayna hökumətində genişmiqyaslı kadr dəyişiklikləri ölkənin həm daxili, həm də xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Bu, xüsusilə qış mövsümü ərəfəsində hökumət və yerli hakimiyyət orqanları arasında koordinasiyanı yaxşılaşdıracaq. İşi səmərə verməyən nazirlərin dəyişdirilməsi korrupsiyaya qarşı mübarizəni gücləndirəcək və idarəetmənin şəffaflığını artıracaq. 

Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Andrey Sibiqa kimi yeni təyinatlar Ukraynanın beynəlxalq arenada diplomatik mövqeyini gücləndirməlidir. NATO və Aİ ilə qarşılıqlı fəaliyyətin vurğulanması, müdafiə qabiliyyətinin gücləndirilməsi və diplomatik münasibətlərin yaxşılaşdırılması Ukraynaya öz maraqlarını daha effektiv müdafiə etməyə kömək edəcək. 

Rusiyalı politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov “Cebheinfo.az”-a deyib:

“Mən deməzdim ki, Ukrayna rejimində ciddi yenilənmə var. Düşünürəm ki, Zelenski sadəcə olaraq onsuz da kiçik olan hakimiyyəti gücləndirir, hansısa yolla səriştəsiz və ya zəif kimi göstərilənləri kənara qoyur, onunla sona qədər gedəcək komanda hazırlayır. Bir rusiyalı politoloq kimi mən hesab edirəm ki, o, hərbi məhkəməyə gedəcəyi komanda hazırlayır. Aydındır ki, bu “sıfırlama” Moskva ilə yeni danışıqlar prosesi üçün deyil. Moskva Zelenski rejimi ilə danışmayacaq. Bu aydındır və fikrimcə, bütün bu dəyişikliklər tamamilə faydasızdır. Çünki bu, Ukrayna ordusunu daha güclü etməyəcək. O, artıq bütün cəbhələrdə uduzur.

Çox güman ki, bu, sadəcə olaraq ABŞ-də prezident seçkiləri zamanı gücü bir müddət saxlamaq üçün edilir. Zelenskiyə müharibə və ona hər şeydə dəstək olacaq insanlar lazımdır. Görünür, o, indi çıxarılanlardan şübhələnir”. 

Ekspertin fikrincə, vəzifəsi ilə vidalaşacaq növbəti şəxs general Oleksandr Sirski olacaq: 

“Rusiya ordusu qalib gələrkən, Zelenski bu münaqişədə ümidsiz vəziyyətdən çıxış yolu tapmaq üçün bir çox fərqli addımlar atmağa çalışacaq”.

Latviyalı hərbi ekspert Einars Graudins isə “Cebheinfo.az”-a açıqlamasında baş verənlərə belə münasibət bildirib: 

“Biz konkret olaraq siyasi baxımdan hansısa böyük yenilikdən danışa bilmərik, çünki bu vəziyyətdə müstəqil suveren Ukrayna dövlətinin yaşaması və mövcudluğunun mahiyyəti təhlükə altındadır”. 

O qeyd edib ki, heç bir siyasi doktrina, konsepsiya və s. dəyişə bilməz:

“Çünki vəzifə birdir- müharibədə qalib gəlmək. Yəni burada fərdlərin rotasiyası əslində heç nə demək deyil. Çünki çox çətin müharibə şəraitində həyata keçirilən istiqamət var. Bu növ dalğalanmalar, hökumət böhranları daxili siyasi böhranlar, demokratik konsepsiyada şəxslərin işdən çıxarılması tamamilə fərqli bir vəziyyətdir. Yəni burada fərdlər prinsipcə, heç nəyə qərar vermirlər, çünki dövlətin özünü qoruyub saxlamaq kursu var. 

Bu, niyə indi baş verir? Mən burada bir neçə subyektiv və obyektiv səbəb görürəm. Subyektiv səbəb budur ki, total müharibə zamanı ölkənin yaşaması üçün hər hansı bir nazirliyə rəhbərlik etmək (bu, təkcə güc nazirliklərinə aid deyil) əslində böyük fiziki, fizioloji, əqli və mənəvi dayanıqlılıq tələb edir. Bu, mənim şəxsi fikrimdir ki, müharibə zamanı bir adamın nazirliyə rəhbərlik edə biləcəyi maksimum müddət təxminən bir ildir. Bu, sırf subyektiv amildir. 

Obyektiv amill isə Ukraynanın suveren dövlətini qorumaq üçün apardığı müharibənin yeni taktiki və əməliyyat səviyyəsinə çatmasıdır. Mən Ukrayna silahlı qüvvələrinin konkret olaraq Kursk vilayətinə daxil olmasını nəzərdə tuturam. Bir hərbçi kimi deyə bilərəm ki, bu, Rusiya üçün bir günün, hətta bir ayın problem deyil, çünki Ukrayna silahlı qüvvələrinin qruplaşmasını sadəcə fiziki, hərbi cəhətdən aradan qaldırmaq üçün Kursk vilayətininə 50 min nəfərlik ordu gətirilməli, təhciz edilməli və öyrədilməlidir. Ancaq sual olunur ki, Rusiya bunu haradan alacaq? Rusiyanın yalnız iki həll yolu görünür. Ya dünən məktəb partasında oturan on minlərlə uşaq sadəcə öləcək, ya da bəzi himayələr altında yarıgizli və ya açıq səfərbərlik elan ediləcək. Çünki Rusiyanın hərbi xidmətlə bağlı müqavilə bağlayarkən daim artırdığı məbləğlərdən kadrlarla bağlı problemləri var". 

Einars Graudins hesab edir ki, hətta bəzi yerlərdə adambaşına 15 min avroya bərabər olan müavinət üçün də döyüşmək istəyən o qədər də çox deyil, bəzi yerlərdə isə ümumiyyətlə yoxdur. Onun sözlərinə görə, bunun səbəbi siyasi amilin çox ciddi olmasıdır:

“Düşünürəm ki, Ukrayna Qərb silahlarından istifadə edərək Rusiya Federasiyasının dərinliklərinə geri zərbə endirmək qərarına gələcək.Bu, müharibənin mahiyyətini kökündən dəyişir və müharibə əməliyyat səviyyəsindən taktiki strateji səviyyəyə çatır. Çünki kütləvi bombalama, ən azı Moskva, Sankt-Peterburqun hərbi infrastrukturunu əhatə edərsə,  bu, bütövlükdə müharibənin xarakterini və müharibəyə münasibəti də dəyişir. Yəni burada artıq Ukrayna tərəfdən başqa siyasi alətlər tələb olunur. Anti-Putin koalisiyasının üzvlərinin ilk danışıqlardan bəri Ukraynanın qalib gəlməsini istəyirlər və bu reallıqdır. 

Bu gün bu vəzifələrə kimlərin gələ biləcəyini deyə bilmərəm.Sülh dövründən fərqli olaraq müharibə zamanı vəzifələrə irəli çəkilmə fərqli ola bilər və bu alqoritm mənə tanış deyil. Bəli, orada bütün bunları edə bilən kifayət qədər çox sayda layiqli insan var. Lakin hamımız yaxşı başa düşürük ki, bütün bu olanların mərkəzində müharibənin sona çatması dayanır. Sual yaranır ki, müharibə hansı şərtlərlə başa çatacaq? Qızıl Meydanda anti-Putin koalisiya ölkələrinin paradının keçirilməsindən tutmuş,  demarkasiya xəttinə qədər çox geniş diapazon var. Bu, iki Koreyanın varlığına bənzəyir, onlar 38-ci paralel, yəni böyük diapazonla ayrılıb, ona görə də mən Ukraynanın düzgün iş gördüyünü düşünürəm. Yeni nazirlər, yeni rotasiyalar və yeni çağırışlar vacibdir”. 

Einars Graudins müharibə bitdiyi təqdirdə Rusiyaya qarşı təzminat və kompensasiya məsələsinə toxunaraq deyib ki, məbləğ təxminən bir trilyon dollardan başlaya bilər. Bunun necə baş verəcəyini isə gələcək göstərəcək. 

Beləliklə, Ukrayna hökumətində kütləvi istefalar Kiyevin ciddi dəyişikliklərə hazır olduğunu göstərir. Zelenski və komandası əsas siyasət sahələrini gücləndirir və ölkənin üzləşdiyi yeni çağırışlara hazırlaşır. “Böyük sıfırlama” sadəcə kadr dəyişikliyi deyil, həm daxili, həm də beynəlxalq arenada Ukraynanın mövqelərini gücləndirməyə yönəlmiş strateji addımdır. Yeni nazirlərin ümidləri doğruldub ölkəni sabitliyə və uğura aparıb-aparmayacağı ilə bağlı suallar açıq qalır. 

Seçilən
159
cebheinfo.az

1Mənbələr