AZ

İqlim məhkəmə mübahisələri yerli hakimlər, hüquqşünaslar və məhkəmələrin beynəlxalq hüququn formalaşmasında bilavasitə iştirakına icazə verir

İqlim

Bakı, 6 sentyabr, AZƏRTAC

BMT-nin Ətraf Mühit üzrə proqramının təqdim etdiyi statistik məlumata görə 2022-ci ildə iqlim dəyişikliyi üzrə 2 min 180 iddia, 69 müxtəlif ölkənin vətəndaşları və ictimai qrupları tərəfindən məhkəmələrə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bunu Ətraf mühit hüququ və siyasəti üzrə ekspert, ADA Universitetinin müəllimi Sadiqə Mehdiyeva Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə keçirilən “Hüquq və iqlim” (Law and climate) adlı beynəlxalq konfransın birinci sessiyasında “İqlim dəyişikliyi üzrə məhkəmə mübahisələri: beynəlxalq və milli müstəvidə mövcud olan tendensiyalar və uğurlu nümunələr” mövzusunda təqdimatında bildirib.

Onun sözlərinə görə, iqlim hüquqları kifayət qədər çoxtərəfli bir anlayışdır və müxtəlif sahələri əhatə edən elementləri ehtiva edir. İqlim məhkəmə mübahisələri yerli hakimlər, hüquqşünaslar və məhkəmələrin beynəlxalq hüququn formalaşmasında bilavasitə iştirakına icazə verir. Ekspert bildirib ki, dolayısı ilə iqlim mübahisələri iqlim hüququnun yerli hüquqdan beynəlxalq hüquqa qalxaraq inkişaf etməsinə zəmin yaradır.

“Azərbaycanın iqlim dəyişikliyinə səbəb olan emissiyaların qlobal həcmində iştirakı cəmi 0,1 faizdir. Azərbaycan inkişaf etmiş kənd təsərrüfatı, sahilyanı ərazilər və kasad su resursları səbəbilə iqlim dəyişikliyinə həssas və bu dəyişikliklərdən əziyyət çəkən ölkə hesab edilir”, - deyə S.Mehdiyeva qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
azertag.az

1Mənbələr