Xəbər verdiyimiz kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində İtaliyanın Lombardiya vilayətində yerləşən Komo gölündən paylaşım edib.
Sözügedən göl 410 metrdən çox dərinliyi ilə Avropanın ən dərin gölü hesab edilir. O, 145 km² səthi ilə İtaliyanın üçüncü ən böyük gölüdür.
Komo və ya Lario adlandırılan göl tarixi, mədəni irsi ilə zəngin və cəlbedicidir. O, Milanın yaxınlığında yerləşir və "Y" hərfi formasındadır.
Alp dağları Komo gölünün ərazisini soyuq küləklərdən qoruyur. Gölün adı ilə eyni olan Komo şəhərinin isə 2000 ildən çox yaşı var.
Gölün kiçik bir hissəsi isə İsveçrədədir.
Roma İmperiyası dövründə burada məşhur şair Virgilio yaşayırdı. Dövrünün məşhur siyasətçisi Plinio il Giovane də Varennada 1605-ci ildən Villa Kapuana tikildiyi yerdə yaşayırdı.
İntibah dövründə dahi Leonardo da Vinçi burada, Komo gölündən ilham alıb.
18-19-cu əsrlərin məşhur yazıçılarının böyük bir qrupu Komo gölünün sahilində ən yaxşı əsərlər yaradıblar. Onların arasında İohan Volfqanq Höte, Stendal, Alfred De Musset, Henri Uodsvort Lonqfellovu qeyd etmək olar.
1945-ci ildə İtaliya partizan qüvvələri şimaldan İsveçrəyə qaçan faşist məmurlardan ibarət bir dəstəni ələ keçirdilər. Onların arasında Mussolini və onun sevgilisi Petacci də var idi. Onlar gölün sahilində mühakimə olundu və edam edildi, bununla da İtaliya tarixində kədərli bir fəsil başa çatdı.
Madonna, Ronaldinyo, Silvestr Stallone kimi məşhurların bu gölün sahilində villaları yerləşir. (Unikal)