Azərbaycan oktyabrın 10-11-də PreCOP tədbirinə ev sahibliyi edəcək.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov "Hüquq və iqlim" (Law and climate) adlı beynəlxalq konfransın ikinci sessiyasında çıxışı zamanı deyib.
Nazirin müşaviri COP29 tədbirinə hazırlıq prosesi və tədbir çərçivəsində həyatda keçiriləcək işlər barədə məlumat verib: "COP tədbirlərinin ev sahibi ölkələrinin müəyyən edilməsi əsasən dövlətlərin BMT-də üzv olduqları coğrafi qruplara əsaslanır. Həmin ardıcıllıqla ev sahibi ölkələr müəyyənləşdirilirlər. Adətən ev sahibi olan ölkə COP tədbirinə ev sahibliyi edəcəyini 24 aya yaxın müddət ərzində bilir. Tədbirə hazırlıq üçün kifayət qədər geniş vaxtı olur. Seçim şərtlərinin sərtləşməsi və mürəkkəb regionda yer almağımız səbəbindən tədbirin təşkili üçün 11 aydan daha az müddətə sahib olduq. Qısa müddətdə hazırlıq prosesini başa çatdırmaq üçün tərəflərlə birgə səylərimizi davam etdiririk. Tədbirin təşkilati məsələlərinin həll edilməsi ilə bağlı COP29 Sədrliyinin ofisi formalaşdırılıb, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti də təsis edilib. Bakı Olimpiya Stadionu əsas tədbir məkanı olaraq seçilib. COP29 tədbirlərinin Bakı Olimpiya Stadionu ilə yanaşı, digər məkanlarda da keçirilməsi istisna olunmur. Tədbir ərazisi iki zonadan ibarətdir. Bunlardan biri BMT üçün nəzərdə tutulan mavi zona, digəri isə iqlim ictimaiyyəti və şirkətlərin cəlb olunacağı yaşıl zonadır. Tədbir noyabrın ayında keçiriləcək. Bundan öncə Azərbaycan oktyabrın 10-11-də PreCOP adlanan tədbirə ev sahibliyi edəcək. Buraya da COP29-da tərəf qismində iştirak edəcək ölkələrin ekologiya nazirləri qatılacaq və tədbirin gündəliyi, o cümlədən qarşıda duran məsələlər müzakirə olunacaq. COP tədbirləri zamanı müzakirələrin daha effektiv təşkil olunması üçün tematik deyilən günlərdən istifadə olunur. Bu il də 7 tematik gün müəyyən olunub. COP29 zamanı keçiriləcək bütün tədbirlər, məsləhətləşmələr, danışıqlar həmin günlərdə müvafiq qaydada qruplaşdırılacaq. COP29 çərçivəsində 12-13 noyabrda Liderlər Sammitinin təşkil olunması nəzərdə tutulub. Bu, BMT-nin Baş Assambleyasından sonra ən çox dövlət və hökumət başçısının qatıldığı tədbirdir və mahiyyət etibarilə də bütün dünya ictimaiyyətinin diqqətində olur.
COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Həmin təşəbbüslərin müəyyən olunması zamanı da dünya ictimaiyyətinin gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqətə yetirilib. Builki COP-un əsas mövzusu iqlim maliyyələşməsinin təmin olunmasıdır. Əgər bir mövzuda maliyyə varsa, iki tərəf formalaşır: maliyyəni verən və qəbul edən tərəf. Həmin tərəflər fikir ayrılığında olsalar da onları adətən bir mövzu birləşdirir ki, bu da həmin proseslərin şəffaf olmasıdır. İqlim maliyyəsi deyəndə onun şəffaf mexanizmlər əsasında tərəflər arasında bölünməsi və maliyyə resurslarının cəlb edilməsi nəzərdə tutulur. Bu, COP Sədrliyinin öndə gələn vəzifələrindən biridir. Şəffaflıq prinsipini artırmaq üçün "Bakı Qlobal İqlim Şəffaflığı Platforma"sı təsis edilib. Platforma çərçivəsində biz kommersiya tərəfi olan ölkələri təşviq edirik ki, onları bu il noyabrda keçiriləcək 29-cu sessiyaya kimi öz şəffaflıq hesabatlarını təqdim etsinlər. Bununla bağlı bütün tərəflərlə danışıqlar aparılır. Ən əsası, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında da tərəfləri bir daha bu məsələyə diqqətlə yanaşmağa səsləyəcəyik".