AZ

Sebastyan Valukeviç və Gilyermo Maripan “Torino”da

İtaliyanın “Torino” klubu heyətini 3 yeni futbolçu – Sebastyan Valukeviç, Gilyermo Maripan, və Markus Pedersenlə gücləndirib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Sebastyan Valukeviç A Seriyasının digər təmsilçisi “Empoli”dən 5 milyon avroya transfer edilib. Polşalı 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Valukeviç “Legiya”nın yetirməsidir. Polşada “Poqon”un da formasını geyinmiş müdafiəçi İtaliyada 4 il “Kalyari”nin uğurları üçün çalışıb. 2022-ci ildən “Empoli”də çıxış edən Sebastyan bu komandada 40 oyuna çıxıb.

Valukeviç 2020-ci ilin oktyabrında debüt etdiyi Polşa yığmasında da 4 oyun keçirib, 1 qol vurub.

Gilyermo Maripan isə “Monako”dan 2 milyon avroya transfer olunub. 30 yaşlı çilili müdafiəçi “Torino” ilə 2+1 illik sözləşməyə qol çəkib.

Maripan Çilinin “Universidad Katolika” klubunun yetirməsidir. O, İspaniyada “Alaves”in də uğurları üçün çalışıb. 2019-cu ildən “Monako”da çıxış edən mərkəz müdafiəçisi bu komandada 150 oyuna çıxıb, 13 qol vurub, 2 məhsuldar ötürmə verib.

Gilyermo Maripan 2017-ci ilin yanvarında debüt etdiyi Çili yığmasında 48 oyuna 2 qol vurub.

“Torino” Niderlandın “Feenoord” klubunun sağ cinah müdafiəçisi Markus Pederseni də heyətinə qatıb. İtaliya klubu 24 yaşlı norveçli futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

“Tromse”nin yetirməsi olan Markus Pedersen “Molde”də də oynayıb. 2021-ci ildən “Feyenoord”da çıxış edən müdafiəçi ötən mövsüm İtaliyanın “Sassuolo” klubunda da icarədə olub. O, 2021-ci ildən formasını geyindiyi Norveç milli komandasında 23 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib.

“Torino” iki futbolçusunu da satmağa qərar verib. Macarıstandan olan 22 yaşlı hücumameyilli yarımmüdafiəçi Kristofer Horvat 1 milyon avro müqabilində “Uypeşt”ə keçib. Serbiyalı vinger Nemanya Radonyiç isə “Srvena Zvezda”ya satılıb. 28 yaşlı futbolçunu satışı İtaliya klubuna 200 min avro qazandırıb.

Seçilən
35
arena.az

1Mənbələr