AZ

Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı- Zaxarova hələ ümidlidir...

Image

Əli Mustafa: “Zaxarova nə qədər pozitiv notlara köklənsə də, bu, özünü aldatmaqdan başqa bir şey deyil”

“Rusiya Ermənistanla KTMT-də tərəfdaşlığın tam bərpa olunacağını gözləyir. Bu həm Ermənistanın, həm də bütün regionun maraqlarına cavab verir. İrəvanda bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyini elan etdilər, sonra bu təşkilatın daxilində fəaliyyətlərini dondurduqlarını bəyan etməyə başladılar. Mən başa düşmək istərdim ki, kim kimin tərkibindədir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. 

Daha sonra qeyd edib ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəlikləri saxlayır: “Regionun çox sınaqlardan keçdiyini nəzərə alsaq, söz oyunları yaxşı nəticə verməyə bilər. Xüsusilə bu ifadələr rəsmi şəxs tərəfindən işlədilirsə, bu yaxşı hal deyil. Çünki rəsmi şəxslər işlətdikləri ifadəyə görə məsuliyyət daşıyır. Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və müvafiq hüquq və öhdəlikləri saxlayır. Ermənistan rəhbərliyi, fikrimizcə, erməni xalqının maraqlarına zidd olan əməkdaşlıqdan çıxmaq xəttini dəstəkləyir. Biz gözləyirik ki, bütün regionun gələcək təhlükəsizliyi və maraqları naminə KTMT çərçivəsində Ermənistanla tərəfdaşlıq tam bərpa olunacaq”.

Zaxarova bununla kimi aldadır? Ermənistan addım-addım Rusiyadan uzaqlaşır, bunlar hələ “bəlkə də qaytardılar” düşüncəsindədilər. Hələ də nəyəsə ümid edirlər.

“Ermənistanın seçimi ortadadır və getdikcə bu tendensiya özünü daha qabarıq göstərməkdədir” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafanın fikrincə, Rusiya KTMT-ni yaradanda bunu özünün təhlükəsizlik çətiri hesab edirdi: “Ona görə də bir sıra postsovet ölkələrini bu quruma qoşdu. Ancaq 2018-ci ildə Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra ölkə KTMT-də fəal iştirak etmir. Bu tendensiya əsasən 44 günlük müharibədən sonra özünü göstərir. Paşinyan özünü Qərbin dəstəklədiyi kursun təmsilçisi kimi göstərir. Baxmayaraq ki, Ermənistan aşırı dərəcədə Rusiyadan asılıdır, amma Nikol Rusiyadan uzaqlaşmaq, asılılığı azaltmaq üçün bütün vasitələrə əl atır. Bir sözlə, Paşinyanın hakimiyyətə sahiblənməsi Rusiya ilə münasibətlərə çox ciddi təsir edib. Bütün bunlar paralel olaraq KTMT ilə Ermənistan arasında münasibətlərə də təsir edir. Başda Birləşmiş Ştatlar olmaqla, Paşinyanın arxalandığı Qərb ölkələri, təbii ki, orada Rusiyanın hərbi-siyasi mövcudluğunu istəmir. Bütün vasitələrlə çalışırlar ki, Rusiyanın Ermənistandan çıxması tezləşsin. O üzdən, Qərb Paşinyan hakimiyyətindən bu istiqamətdə konkret addımların atılmasını istəyir. Paşinyanın özü də zatən bu istiqamətdə xeyli işlər görüb. Ancaq Rusiyanın Ukraynaya hücumu, müharibənin gözləntilərin əksinə olaraq uzanması bu məsələdə Paşinyanı bir qədər tərəddüd mövqeyi tutmağa sövq edib. Yəni Rusiyanın mövqeləri güclənəndə o, KTMT-dən çıxmasını arxa plana çəkir. Görəndə ki, Rusiyanın mövqeləri zəifləyir, o zaman bunu gündəmə gətirir. Hesab edirəm ki, belə mövqe bir müddət davam edəcək. Zaxarova nə qədər pozitiv notlara köklənsə də, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Çünki Ermənistanın seçimi ortadadır və getdikcə bu tendensiya özünü daha qabarıq göstərməkdədir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
baki-xeber.com

1Mənbələr