Azərbaycanın apardığı daxili və xarici siyasət dünyanın aparıcı dövlətlərinin diqqətini cəlb edir.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə dedi.
O qeyd etdi ki, bu gün Azərbaycanla birgə fəaliyyət göstərmək istəyən ölkələrin sayı durmadan artır.
"Azərbaycanın ənənəvi dost olduğu ölkələr var. Bunlar Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Gürcüstan, Avropa və Asiyada olan ölkələrdir. Azərbaycanın yaxşı münasibətlərdə olduğu ölkələrdən biri də İtaliyadır. İtaliya 44 Günlük Vətən Müharibəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. İtaliya bu gün işğaldan azad olunmuş ərazilərin bərpasına kömək edir".
Deputat vurğuladı ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.
"İtaliya Avropa və dünya siyasətində çox ciddi nüfuzlu ölkələrdəndir. İtaliyanın Azərbaycan ilə birgə fəaliyyət göstərməsi, Azərbaycanın imkanlarından istifadə etməsi ölkəmizin qazandığı münasibətlərdir. Azərbaycanın bu gün beynəlxalq aləmdəki rolu, öz dövlət müstəqilliyini qətiyyətlə qoruması bir çox məsələlərdə, o cümlədən Prezident İlham Əliyevin İtaliyaya səfərində özünü bariz göstərdi", - deyə o sonlandırdı.
Digər müsahibimiz millət vəkili Məlahət İbrahimqızı isə bildirdi ki, Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasiminin keçirilməsi münasibətlərin bundan sonrakı inkişafında yeni bir mərhələnin başlanğıcı hesab edilir.
"Hazırda Azərbaycan və İtaliya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. Həmçinin İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Sözsüz ki, iki ölkə arasında əlaqələr bundan sonra da yüksələn xəttlə inkişaf edəcək".
Deputat Vüqar İskəndərov isə vurğuladı ki, Azərbaycan dünya arenasında nüfuza malik olan bir dövlətdir. Azərbaycanın bir çox Avropa ölkəsi ilə ikitərəfli münasibətləri yüksək səviyyədə inkişaf edir.
"Neft-qaz siyasəti ilə ölkəmiz ixracatçı kimi bir çox ölkələrə töhfə verir. Birinci yerdə isə İtaliyadır. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Prezidentin səfəri, keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonra da inkişaf edəcək. İtaliya ən böyük ticarət tərəfdaşlarımızdan biridir. İtaliya Azərbaycan qazının Avropaya şaxələndirilməsində çox önəmli rol oynayır. Bu səfər iki ölkə arasındakı münasibətlərə təkan verəcək".
Mehman Mirzəzadə