AZ

COP29 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayacaqŞƏRH

COP29

Bakı, 6 sentyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi təqdirəlayiq və fəxr ediləsi hadisədir. Belə mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətlidir. Dünyanın mərkəzinə çevriləcək paytaxt Bakı təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Ölkəmizə gələcək minlərlə qonaq Azərbaycanla, onun tarixi, mədəniyyəti, adət-ənənələri ilə daha yaxından tanış olacaq, uğurlarına şahidlik edəcək.

COP29 Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və müəyyən məsələlərin həllində də mühüm rol oynayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, dosent Ənvər Əliyev səsləndirib.

Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artdığını vurğulayan ekoloq alim bildirib ki, dünya arenasına çıxan və kifayət qədər nüfuzu olan ölkəmiz bizə həsəd aparanların təzyiqlərinə sinə gərərək, bütün sahələrdə möhkəmlənir. “Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya edərək öz payını götürür. Ölkəmiz qlobal məsələlərlə bağlı təşəbbüslərlə çıxış edir. Bu, bizim üçün qürurdur. Bunun əhəmiyyətini anlamamaq mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı bu işdə ölkəsinin, dövlətinin yanında olmalı, imkanı daxilində öz dəstəyini göstərməli, töhfəsini verməlidir”, - deyə Ə.Əliyev vurğulayıb.

İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının əhəmiyyətindən danışan alim qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell Bakı Qlobal Platformasının işə salınmasını alqışlaması da təsadüfi deyil. COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal əhəmiyyəti vardır və bu da ölkəmizin nüfuzunu göstərən amillərdəndir.

Ə.Əliyev bildirib ki, iqlim dəyişikliyinin səbəblərindən biri də əhalinin sayının artması ilə bağlıdır. 1950-ci ildən sonra dünya əhalisinin sayı iki dəfədən çox artıb. Hər insan gündəlik tələbat üçün müəyyən miqdarda su işlədir və bu da təbii olaraq su qıtlığı, səhralaşma yaradır. Onun fikrincə, planetdə iqlim dəyişikliyini törədən amillər var və bu amillər dəyişilməz olaraq qalır. Yerin fırlanma oxunun fırlanma müstəvisinə olan bucağı, Yerin hər santimetrinə düşən yağıntıların miqdarı və buxarlanmanın nisbətinin pozulması kimi amillər iqlim dəyişikliyini yaradan amillərdəndir.

İqlim dəyişmələrinin əsrlər əvvəl olduğu kimi, indi də baş verdiyini diqqətə çatdıran alim əlavə edib: “Məsələn, bu il Pakistanda güclü daşqınlar baş verdi və bu daşqınlar fəlakətlərə səbəb oldu. Azərbaycanda da daşqınlar oldu. Bu daşqınlar sübut etdi ki, vaxtilə bu çayların yatağı olub”.

Onun sözlərinə görə, bəzi ölkələr var ki, iqlim dəyişikliyi ilə mübarizədə fəallıq nümayiş etdirirlər. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr isə bundan narahatdırlar və onların sayı getdikcə artmaqdadır.

“Arzu edirik ki, COP29 uğurla keçsin və gözlədiyimizdən də səmərəli nəticələri olsun. Bir azərbaycanlı kimi, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsindən qürur duyuruq”, - deyə Ənvər Əliyev fikirlərini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
azertag.az

2Mənbələr