İstanbul, 6 sentyabr, Günel Karatepe, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu agentliyi, “TRT”, “Haber Global, “Sözcü”, “Sputnik Türkiyə”, “Haberler.com”, “Son dakika”, “Star.com” kimi bir sıra media qurumları, “Milliyet”, “Cumhuriyyet”, “Yeni Şafak” qəzetləri, eləcə də bir çox müxtəlif formatda fəaliyyət göstərən media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıb.
“Əliyev Ermənistanla sülh sazişinin mətninin 80 faizini razılaşdırdıqlarını bildirib”, “Azərbaycan Prezidenti İlham Əliyev: Sülh sazişi mətninin 80 faizi üzrə razılıq əldə olunub”, “Əliyevdən “Ermənistan” mesajı: Biz 80 faizlə razılaşdıq”, “Əliyev açıqladı: Ermənistanla sülh sazişi mətninin 80 faizi ilə bağlı razılıq əldə edilib” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin forumdakı çıxışına istinadlar edilib.
Yazılarda Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilərək “Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür”, “biz Cənubi Qafqazda sülhə nail ola bilərik. Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədlərin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının,- halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır”, “İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da bizim əməkdaşlığımızın vacib hissəsidir”, “Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi”, “O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər.
Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu və bu, məhz belə də olmalı idi.” - kimi ifadələrə xüsusi vurğu edilib.
Xəbərlərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq, Cənubi Qafqazda daimi sülhün təmini, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında yeni hadisələr kimi altbaşlıqlardan istifadə edilib.