Avropa İttifaqı (Aİ) süni intellektlə bağlı ilk hüquqi qüvvəyə malik beynəlxalq müqaviləni imzalayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Aİ Komissiyası sentyabrın 5-də Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Şurası Ədliyyə Nazirlərinin Qeyri-rəsmi Konfransında Avropa Şurasının Süni İntellekt üzrə Çərçivə Konvensiyasının imzalandığını bildirib.
Açıqlamada yazılır: "Müqavilə Avropa İttifaqının süni intellektlə bağlı hüquqi cəhətdən məcburi ilk beynəlxalq müqaviləsidir. Aİ-nin hərtərəfli süni intellekt qaydalarına tam uyğundur, süni intellekt sistemlərinin insan haqları, demokratiya və qanunun aliliyinə uyğunluğunu təmin etmək üçün ümumi yanaşmanı təmin edir. Müqavilə riskə əsaslanan yanaşma, süni intellekt sistemlərinin dəyər zənciri boyunca şəffaflıq və Aİ-nin süni intellekt qanununa da daxil olan yüksək riskli süni intellekt sistemləri üçün əlavə öhdəliklər kimi əsas anlayışlardan ibarətdir".
Xatırladaq ki, Avropa Şurası 2024-cü ilin may ayında süni intellektlə bağlı ilk beynəlxalq konvensiyanı qəbul etmişdi.