Yaşa dolan şəxslərin bir müddət sonra yaş kompleksləri meydana gəlir. Bu hal daha çox qadınlarda müşahidə olunur. Bəzi hallarda özlərinə təsəlli vermək üçün qeyri-qanuni yolla şəxsiyyət vəsiqəsində yaşlarını azaldırlar. Bunu edənlərin əksəriyyəti məşhur simalardır. Onlar bunu etməklə bir növ özlərini də aldatmış olurlar. Azərbaycan Dövlət Pedaqoji Universitetin baş müəllimi, psixoloq Nigar Məmmədova Moderator.az-a açıqlamasında bildirib ki, yaş problemi həmişə olub və olacaq da.
“Ümumiyyətlə psixologiyada 3 yaş qrupu var ki, o böhrandır. Psixoloqlar orta yaşın böhranını da qəbul edirlər. Çünki orta yaşda cavanlıq gedir, müəyyən üzə düşən qırışlardır, bədən görünüşünün dəyişməsidir, bu insanlarda komplekslər yaradır. Amma bütün insanlarda yox. Hansılar ki, özlərindən narazıdırlar. Bunlar özgüvənsizlikdən yaranan bir şeylərdir. Bəzən insanlar plastik əməliyyat etdirərək özlərini daha gözəl göstərmək istəyirlər. Bu virus kimi yayılıb. 30-40 yaşından sonra əksər insanlar plastik əməliyyat etdirib, bədən quruluşlarını dəyişirlər. Övladın səni ana kimi sevir, vacib deyil ki, onun bədən quruluşu necə olsun?! Uşaqlar analarını ana olduğu üçün sevirlər. İnsanın üzündəki qırışlarının da, başındakı ağ saçlarının da qədrini bilməlidir. Hər yaşın öz gözəlliyi var” deyə psixoloq bildirib.
Nigar Məmmədova bildirib ki, yaşın gözəlliyini dərk etməyənlər çalışır ki, vəsiqədə yaşını azaltsın.
“Səhnə adamları isə hər zaman göz önündə olduqları üçün görkəmlərinə dəyişiklik etmək istəyirlər. Biz Nəsibə Zeynalovanı, Nəcibə Məlikovanı o cür görüb, bəyənib sevmişik. Nəsibə Zeynalovanın bədən quruluşunun dəyişməsi bizim üçün əhəmiyyətli olmayıb ki. Bizim üçün onun komediyası, bizləri sevindirməsi əsas olub. Onları olduğu kimi qəbul etmişik. Amma indi bəzi sənətçilərimizdə bu kompleks var. Yaşını nə qədər gizlədirsənsə gizlət bu sənə Allahın verdiyi ömürdür. Şəxsiyyət vəsiqəsində özünü 10 yaş da kiçiltsə, 15 yaş da kiçiltsə ömür gedir, zaman dayanmır. Axı onların orta məktəb, universitet yoldaşları var. Onlar özlərini gülünc vəziyyətə qoyurlar. Sevilən aktrisa Suğra xanım həmişə gözəldir, cavan qalıb. O heç bir vaxt estetik əməliyyat etdirməyib. Bəziləri isə ətrafı özünə sevdirməkdən ötrü edirlər. Bu hallar daha çox məşhur müğənnilərdə müşahidə olunur. Onlar nə qədər şəxsiyyət vəsiqələrində yaşlarını kiçiltsələr də özləri də bilirlər ki, doğulduqları yaşdadırlar. İnsan qocalığını da, gəncliyini də sevərək yaşamalıdır. Bunu edənlər sırf efir xatirinə yaşayan məşhurlardır. Tamaşaçı sənin şəxsiyyət vəsiqəndən onsuz da xəbərsizdir. Və sən efir adamı olduğun üçün onsuz da baxımlısan, müəyyən prosedurlar edib cavanlaşırsan. Şəxsiyyət vəsiqəsində də bunu etməyə lüzum yoxdur” deyə psixoloq Nigar Məmmədova bildirib.
Hüquqşünas Emil Aslanov bildirib ki, şəxsiyyət vəsiqəsinə o halda düzəliş etmək olar ki...
“Əgər həqiqətən də həmin şəxsin doğum tarixi başqa tarixdədirsə və sadəcə şəhadətnaməyə əsasən tam başqa bir tarix yazılıbsa, o halda doğum aktı qeydinin bərpası ilə bağlı həmin düzəlişləri etdirmək düzgündür. O da yalnız məhkəmədə iddia qaldırmaqla faktı təsdiq edirsən. Bu zaman doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi dəyişdirilə bilər. Əsassız yerə qanunla şəxsiyyət vəsiqəsində yaşın azaldılması qadağandır. Əgər kimlərsə bunu edirsə bu artıq saxta sənəddən istifadə etmək deməkdir və cəzası var” deyə hüquqşünas bildirib.