Latviyanın Dekorativ İncəsənət və Dizayn Muzeyində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən hazırlanmış və latış dilində nəşr edilmiş "UNESCO-da Azərbaycanın əbədi sərvətləri" kitabının təqdimatı keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu kitabın nəşr edilməsini Latviya xalqının Azərbaycan mədəniyyəti ilə daha yaxından tanışlığı və qarşılıqlı mədəni mübadilələr baxımından əlamətdar hadisə kimi qiymətləndirib. Səfir deyib: "Xoş haldır ki, kitabın ərsəyə gəlməsi Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 30 illiyinə təsadüf edir".
E.Sultanov qeyd edib ki, Azərbaycan UNESCO-nun əsas tərəfdaşlarından biri kimi mədəniyyətlərarası dialoqu fəal təşviq edir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlanmış "Bakı Prosesi" qlobal platformaya çevrilib.
Diplomat vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin 5 maddi mədəni irs və 23 qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarına daxil edilib, Azərbaycan mədəniyyəti dünyada tanıdılıb və ölkəmiz UNESCO-nun çoxsaylı tədbirlərinə uğurla ev sahibliyi edib.
Dekorativ İncəsənət və Dizayn Muzeyinin direktoru İnese Baranovska rəhbərlik etdiyi muzeydə Azərbaycan səfirliyinin və "Azərxalça" ASC-nin təşkilatçılığı ilə "Yaddaşın genetik kodu. Azərbaycan xalçaları" sərgisinin uğurla davam etdiyini məmnunluqla vurğulayaraq, UNESCO siyahısında yer alan Azərbaycan xalçaçılıq sənətinin Latviyada böyük maraq doğurduğunu söyləyib.
Latviya Seyminin təhsil, mədəniyyət və elm komitəsinin sədr müavini Liqa Klavina dövlətlər arasında müxtəlif sahələrdə müsbət dialoqun mövcud olduğunu və hər iki ölkədə mədəni irsin qorunmasına və təhsilin inkişafına önəm verildiyini bildirib və sözügedən kitabın nəşr edilməsinin əhəmiyyətini vurğulayıb.
Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere çıxışında ölkəmizin zəngin mədəni irsə sahib olduğunu və bu irsin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. O, bu kitabda Azərbaycan irsinə dair dolğun məlumatın əks etdirildiyini və kitabın Azərbaycan mədəniyyətinin Latviyada tanıdılmasına töhfə verəcəyinə inamını ifadə edib.
Tədbirdə Latviyada fəaliyyət göstərən "Buta" rəqs qrupu tərəfindən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kəlağayı ilə müşayiət olunan Azərbaycan milli rəqsi ifa edilib. Daha sonra milli mətbəximizin ləziz təamları, o cümlədən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma və çay süfrəsi təqdim edilib.
Tədbirdə Latviya hökuməti və parlamentinin üzvləri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai və media dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.