AZ

Borcla icra olunacaq enerji layihələri - əldə olunan məhsulun bazarı...

Azərbaycan Xəzər dənizində yaşıl hidrogen istehsalı üçün ilkin addımlarını atmaqdadır

Azərbaycan böyük enerji layihələrinin icrasına başlayıb. Layihələrin bir istiqaməti alternativ mənbələrdən elektrik enerjisi istehsal edərək onu Avropaya satmaq, digəri isə yaşıl hidrogen istehsal etməklə onu da Avropa bazarına çatdırmaqdır. İkinci istiqamətin reallaşması Xəzər dənizində külək enerjisi istehsalına əsaslanır. Birinci istiqamət isə quruda külək və günəş enerjisi istehsalı güclərinin yaradılmasına əsaslanır.

Qeyd edək ki, son iki ildə gündəmə gətirilən layihələrin birincisi üzrə kifayət qədər böyük işlər görülüb. Burada əsas olaraq Azərbaycandan Avropaya elektrik enerjisini çatdıracaq Qara dəniz elektrik kabeli götürülür. Kabelin çəkilməsi üzrə müqavilə 2022-ci ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanıb. “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişinə əsasən kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1 195 km-dir. Kabelin fiziki tikintisi 3-4 il ərzində həyata keçirilməlidir. Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması Dünya Bankının maliyyə dəstəyi ilə İtaliyanın CESI konsaltinq şirkəti tərəfindən həyata keçirilib. Əsaslandırmanın nəticələrinin noyabrda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) açıqlanması nəzərdə tutulur.

Rumıniyanın energetika naziri Sebastian-İoan Burdujanın verdiyi məlumata görə, Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya kabelin çəkilməsi 3,5 milyard dollara qədər vəsait qoyuluşu tələb edəcək: “Marşrutlarımız, mənbələrimiz nə qədər çox olarsa, enerji də bir o qədər ucuz olar. Regionumuzdakı Avropa dövlətlərinin Qafqaz bazarı kimi tamamilə fərqli bazardan enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın şaxələndirilməsinə və enerjinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”.

Onu da bildirək ki, sentyabrın 3-də Buxarestdə dörd ölkənin enerji operatorları - Azərbaycanın “Azərenerji” SC, Rumıniyanın “Transelectrica SA”, “Gürcüstan Dövlət Elektrik Sistemi” və Macarıstanın MVM arasında layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin yaradılmasına dair səhmdar sazişi imzalanıb.

Burdjuanın dediyinə görə, layihə kifayət qədər investisiya tutumludur: “Bu, ucuz layihə deyil, biz onun dəyərini TİƏ hazır olduqdan sonra öyrənəcəyik. Lakin hesab edirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır və bu layihənin enerji təhlükəsizliyi və bazar üçün faydalı olacağını bilirik.

S.Burduja bildirib ki, layihəyə fiber-optik rabitə kabelinin çəkilməsi komponenti də daxildir. “TİƏ-nin hazırlanması çərçivəsində dörd ölkəni birləşdirəcək, məlumat axınının yaxşılaşdırılmasına və regionun rəqəmsallaşmasına dəstək verəcək bu komponentin həyata keçirilməsi imkanları qiymətləndiriləcək”.

Azərbaycan Xəzər dənizində yaşıl hidrogen istehsalı üçün ilkin addımlarını atmaqdadır: dənizdə külək istehsalı potensialının qiymətləndirilməsinə başlanıb.

Aydın məsələdir ki, bu layihələrin hər biri irihəcmli vəsait qoyuluşu ilə yanaşı, Azərbaycanın enerji təsərrüfatında böyük dəyişikliklər tələb edəcək. Bu işlər üçün lazım olan vəsaiti hökumət xarici maliyyə-kredit təşkilatlarından borc olaraq cəlb etmək niyyətindədir. Maliyyə naziri Samir Şərifovun Report-a dediyinə görə, Azərbaycanın enerji sisteminin gücləndirilməsi məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən maliyyələşdirilən ilkin layihələr demək olar ki, imzalanmaq üçün hazırdır: “Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq”.

Onun sözlərinə görə, hazırda beynəlxalq maliyyə institutları ilə layihələrin hazırlıq prosesi, onların dəyərləndirilməsi və sair bu kimi işlər aparılır: “Bu fəaliyyətin nəticəsi olaraq müvafiq sazişlərin imzalanması nəzərdə tutulur”.

Şərifov Azərbaycanın ortamüddətli dövrdə layihə maliyyələşdirməsi üçün beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard ABŞ dollarına qədər vəsaitin cəlb edə biləcəyi ilə bağlı qərar verildiyini də qeyd edib.

Xatırladaq ki, oktyabrın 31-də Dünya Bankının Direktorlar Şurası 294,5 milyon ABŞ dolları dəyərində olan Azərbaycanda bərpa olunan enerji mənbələrindən (BOEM) istifadənin genişləndirilməsi layihəsini (AZURE) təsdiq edilməsini planlaşdırır. EBRD-nin Direktorlar Şurası tərəfindən isə sentyabrın 11-də 30 milyon ABŞ dolları dəyərində olan Azərbaycanın bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təmilləşdirməyə kömək edəcək layihənin təsdiq edilməsi gözlənilir.

Göründüyü kimi, təmiz enerji ixracını hədəfləyən Azərbaycan kifayət qədər ciddi xərcləmələrə getməli olacaq. Alınan borcların qaytarılması layihələrin özünü doğrultmasından, daha dəqiq desək, istehsal olunan məhsula əlverişli bazarın tapılmasından asılıdır. Hələlik Azərbaycan enerjisinin əsas ixrac bazarı Şərqi Avropa, Balkan ölkələri hesab olunur. Məhz bu ölkələrin enerji təminatında yeni mənbələrin tapılması zərurəti var: ucuz Rusiya qazının nəqli dayanıb, Avropa İttifaqının enerji təminatında bərpa olunan mənbələrə keçidlə bağlı aktlarına əməl etmək üçün potensial yetərli deyil. Azərbaycan bu fürsətdən istifadə etməyə çalışır. Planlaşdırılan layihələrin uğurla icrası ölkəyə böyük həcmdə gəlirlərin davamlı axınını təmin edə bilər...

Yazını hazırladı: Dünya SAKİT

Seçilən
167
5
musavat.com

10Mənbələr