AZ

“Xələflinin poetikası” – yeni nəşrə tənqidçi baxışı

“Xələflinin

Bakı, 7 sentyabr, AZƏRTAC

Şair-publisist Əli Rza Xələflinin zəngin və əhatəli yaradıcılığı ən müxtəlif istiqamətlərdə ədəbiyyatşünaslarımız, tənqidçilərimiz, publisistlərimiz, ümumiyyətlə, müasirlərimiz tərəfindən ardıcıl və əsaslı tədqiq olunmaqdadır. İndiyə qədər Xələfli yaradıcılığının publisistik və monoqrafik tədqiqatına həsr olunmuş 10-dan çox kitab nəşr olunub. Professor Abbas Hacıyevin “Sənətin işığında”, filosof-tənqidçi Sabir Bəşirovun “Əli Rza Xələfli - ədəbi yol, əbədi yol”, professor Mədət Çobanov və Müşfiq Çobanlının “Xələflinin yaradıcılıq yolu”, yazıçı-publisist Nəriman Mahmudun “Heyrətin çağırışı”, professor Yədulla Ağazadənin “Pirlər bulağından novatorluğa” və digər əsərlərdə müəlliflər Xələfli yaradıcılığının həyata çağıran motivlərini elmi-nəzəri düşüncədən keçirərək oxuculara təqdim etmişlər.

Çoxsaylı tədqiqat əsərləri Əli Rzanın poeziyası və publisistikasının insan mənəviyyatının dərinliklərinə nüfuzetmə gücünü göstərir. Beləliklə, o, həyatı bədii sənətə gətirmək baxımından çox dəyərli bir irsin yaradıcısıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Əkbər Əlioğlunun çapdan yeni çıxmış “Xələflinin poetikası” kitabında yer alıb. Yeni nəşr tanınmış və görkəmli şairin şeirlərinin ideya-bədii xüsusiyyətlərinin təhlilinə həsr olunub. Kitaba Ə.Əlioğlunun şair haqqında müxtəlif illərdə yazdığı ədəbi-tənqidi, təhlili məqalələri də daxil edilib.

Ədəbiyyat müəllimləri, filoloq tələbələr və araşdırıcı tədqiqatçılar üçün nəzərdə tutulmuş kitabın redaktoru yazıçı-publisist Şəddat Cəfərov, rəyçisi isə Əməkdar mədəniyyət işçisi Adil Abdullayevdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
azertag.az

1Mənbələr