Taliban hərəkatı ölkənin səlahiyyətli dövlət orqanları tərəfindən diqqətlə nəzərdən keçirildikdən və hərtərəfli qiymətləndirmədən sonra Qırğızıstan Respublikası ərazisində qadağan olunmuş təşkilatlar siyahısından çıxarılıb.
“İki sahil”in məlumatına görə, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu qərar regional sabitliyin möhkəmləndirilməsi və dialoqun davam etdirilməsi məqsədi daşıyır. Qırğızıstan Respublikası Əfqanıstanda və bütövlükdə regionda sabit və dinc mühitin təmin edilməsinə yönəlmiş beynəlxalq ictimaiyyətin səylərini dəstəkləməyə sadiqdir.
Taliban hökumətinin Xarici İşlər Nazirliyi Taliban hərəkatını Qırğızıstanda qadağan olunmuş təşkilatlar siyahısından çıxardığına görə Qırğızıstan hakimiyyətinə təşəkkür edib. Bəyanat sentyabrın 5-də Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
Taliban Xarici İşlər Nazirliyi qeyd edib ki, Qırğızıstanın qərarı digər ölkələrin qərarları ilə yanaşı, Əfqanıstan İslam Əmirliyinin regional və beynəlxalq səviyyədə artan siyasi tanınmasına dəlalət edir: “Bu, həmçinin Əfqanıstan İslam Əmirliyi ilə digər dövlətlər arasında ikitərəfli əlaqələrin gücləndirilməsi qarşısındakı maneəni aradan qaldırır”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”