AZ

Patrik Andrade bir hissə oynadı, Marko Veşoviç...

Azərbaycan çempionu “Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde yığmasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Andradenin komandası Afrika Millətlər Liqasının 1-ci seçmə mərhələsinə uğursuz başlayıb.

Kabo-Verde yığması səfərdə Misirlə üz-üzə gəlib və 0:3 hesabı ilə uduzub. Bu matça start heyətində başlayan Patrik fasilədə əvəzlənib.

Qeyd edək ki, Kabo-Verde yığması növbəti oyununu sentyabrın 10-da evdə Mavritaniyaya qarşı keçirəcək.

Patrik Andrade 2023-cü ilin iyul ayından “Qarabağ”ın formasını geyinir. O, cari mövsümdə Ağdam klubunun heyətində 7 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Andrade 2020-ci ilin avqustundan 2022-ci ilin yayına qədər də “Qarabağ”da çıxış edib. Patrik “Qarabağ”da bütövlükdə 117 oyuna çıxıb, 15 qol vurub, 15 məhsuldar ötürmə verib.

Patrik bir müddət “Qarabağ”dan ayrılaraq Serbiyanın “Partizan” klubuna üz tutsa da, yenidən Ağdam təmsilçisinə qayıtmağa qərar verib. Yarımmüdafiəçi “Çerno More”, “Sportinq” (Praya), “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib.

Yarımmüdafiəçi ölkəsinin yığma komandasında da 26 oyuna çıxıb.

“Qarabağ”ın digər legioneri – müdafiəçi Marko Veşoviçin dəvət aldığı Monteneqro millisi də növbəti matçına çıxıb. Sözügedən komanda UEFA Millətlər Liqasının ilk turunda səfərdə İslandiya ilə qarşılaşıb. Matç İslandiya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Veşoviç sonadək ehtiyatda qalıb. Millimizin keçmiş baş məşqçisi, hazırda Monteneqro yığmasını çalışdıran Robert Prosineçki “Qarabağ”ın müdafiəçisinə bu matçda şans verməyib.

Qeyd edək ki, Monteneqro millisi turnirdəki ikinci matçını sentyabrın 9-da öz meydanında Uelsə qarşı keçirəcək.

Marko Veşoviç isə 2021-ci ilin iyulundan “Qarabağ”da forma geyinir. 33 yaşlı sağ cinah müdafiəçisi Azərbaycan təmsilçisində 108 oyun keçirib, 5 qol və 11 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu 2013-cü ilin oktyabr ayında debüt etdiyi Monteneqro yığmasında 56 oyun keçirib, 2 qol və 3 assistlə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
arena.az

1Mənbələr