Heyrətamiz ixtiralar, yeni təbiət qanunları, fərqli düşüncə sistemləri bu müəlliflərin istifadə etdiyi əsas elementlərdir. Müəllifindən asılı olmayaraq, bütün yazılanları eyni məqsəd birləşdirir – uzaq gələcəyi təsəvvür etmək və o zamandakı insanların yaşam tərzini öyrənmək.
Klifford Saymakın "Vaxtdan sadə nə ola bilər" romanında insan şüuru ilə qeyri-insani təfəkkürün vəhdətindən, cihazlardan istifadə etmədən telepatlar və telepatiya vasitəsilə ulduzlara səyahətin mümkünlüyündən danışılır. Lakin burada fantastik ehtimal yalnız bir elementdir. O element vasitəsilə insan öz "mən"ini qoruyur, uzaq qalaktikalara, ulduzlararası boşluqlara səyahət etsə də, özü ilə Ali Enerji Kütləsinin zərrəsini – ruhu aparır. Həyatın olmadığı qalaktikalara, paralel aləmlərə qonaq olan ruh oranı da öz nuruna boyayır. Rey Bredberi, Saymak, Hamilton kimi romantik fantastlarda elmi ehtimallar yardımçı elementlərdir, Jül Vem, Herbert Uells, Aleksey Tolstoy, Robert Haynlayn,
Ayzek Azimov kimi elm tarixinə və onun müxtəlif sahələrinə bələd olan yazıçılar üçün isə elmi ehtimallar bəşəriyyətin gələcəyi naminə səsləndirilmiş proqnozlardır.
Kulis.az bədii əsərlərin elmə verdiyi töhfələr haqqında Elmin Nurinin"Bəşəri kəşflərin bədii açarı" adlı məqaləsini təqdim edir.
Fantastlar idrak səhrasında azıb qalan nabələd yolçulara bənzəyir. Zaman və məkan sərhədlərini aşmaq, paralel aləmlərdə addımlamaq, alternativ dünyalardan bəzi ismarıcları çatdırmaq onların əsas missiyası olub. Antik dünyanın kor şairi Homerin "İliada" və "Odisseya"sından tutmuş, Dantenin "İlahi komediyası"na, Rablenin "Qarqantüa və Pantaqrüel"inə qədər bir çox bədii mətnlərdə fantastikanın elementləri olub, əksər dünya xalqlarına məxsus nağılların əsasını fantastik elementlər təşkil edib. Lakin "idrak səhrasının yolçuları" adlandırılan yazarlar elmi fantastika janrını inkişaf etdirməklə yanaşı, bəşəriyyətin əsas dayaq nöqtəsi olan elm üçün də işlər görməyə çalışıblar. Tomas Edisson, Maykl Faradey, Albert Eynşteyn başda olmaqla, dünyanın bir çox alimləri, ixtiraçıları onları bu işə sövq edən əsas təkanın məhz elmi-fantastik ədəbiyyat olduğunu qeyd ediblər.
Təbii ki, onların əksəriyyəti Jül Vern, Hensberq və Herbert Uellsdən təsirlənmişdi. Lakin sonradan Ayzek Azimov, Robert Haynlayn, Rey Bredberi, Artur Klark, Aleksey Tolstoy, Aleksandr Belyayev və digər müəlliflər elmi fantastikanı XX əsr elmi üçün əsas motivasiya mənbəyinə çevirə bildilər. 1926-cı ildə Hensberq tərəfindən ədəbiyyata gətirilən "elmi fantastika" termini bədii təxəyyüllə praqmatik düşüncə arasındakı sərhəddə özünə məskən saldı.
Bəli, dünya elmində ən çox ixtira müəllifi olan Tomas Edisson məhsuldarlığına görə məhz Jül Vernə borclu idi. Onun qeydlərində də bununla bağlı fikirlərə rast gəlmək olar. Jül Verni oxuyarkən insan zəkasının intəhasızlığına valeh olan Edisson yazıçının kağız üzərindəki ideyalarından bəzilərini laboratoriyaya gətirdi.
Jül Vernin "Hava şarı ilə beş həftə", "XX əsrin Parisi", "Yerin mərkəzinə səyahət", "Dünyadan aya", "20 min lyö su altında", "80 gün Yer ətrafında səyahət" kimi əsərləri özündə onlarla ixtiranın toxumunu daşıyırdı. Yazıçı o qədər məhsuldar işləyir, yazırdı ki, Fransada bir çoxları Jül Vernin tək bir şəxs, vəkil Pyer Vernin oğlu deyil, böyük bir təşkilat olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, helikopter, təyyarə, qazma texnikası, raket və kosmosa uçuş kimi yeniliklər yazıçının ideyalarının bəhrəsi idi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan admiral Riçard Börd "Mənə yolu Jül Vern göstərdi", sualtı dünyanın atası hesab olunan Simon Leyk isə "İşığım Jül Vern oldu", – deyərək müəllifin əsərlərinin önəmini vurğulayırdılar.
Jül Vernin bəzi ixtiraları coğrafiya və digər təbiət elmlərinə aid idi. Çünki peşəkar coğrafiyaşünas olan yazıçı gənclik çağlarından əlil olana qədər (ruhi xəstə olan qardaşı oğlu silahla onun diz qapağını yaralayandan sonra yazıçı bir daha səyahətə çıxmır) dünyanın əksər quru bölgələrini və su hövzələrini qət edərək qabarma və çəkilmələr, sualtı dünyadakı tektonik proseslər, temperatur və təzyiqin dəyişmə metodları kimi elmi məsələləri ilk dəfə öz əsərlərində nəzəri əsaslarla təqdim edib.
Jül Vern əsərlərində hələ o zaman mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox texniki nailiyyətlərin təsvirini verib. Romanlarının birində təsvir etdiyi sualtı qayıq – "Nautilus" o vaxt bir çoxları tərəfindən istehza ilə qarşılanmışdı. Lakin sonradan bu, heç də utopiya sayılmadı. Yazıçının istər sualtı qayığı, istərsə də gəmini gur işıqlandıran elektrik, eləcə də rezin güllələr haqqında söylədikləri bu gün bir reallıqdır, yəni insan əli ilə yaradılan işlərdir.
Dahi yazıçının bu uzaqgörənliyi yalnız 1917-ci ildə həqiqətə çevrildi və gəmi də onun şərəfinə məhz "Nautilus" adlandırıldı.
Ümumiyyətlə, ədəbiyyatşünasların qənaətinə görə, Jül Vernin 108 fantastik ideyasından yalnız 10-u yanlış olub və ya prinsip etibarilə həyata keçirilməsi mümkün olmayıb, 98 halda isə yazıçının gələcəkdən böyük uzaqgörənliklə xəbər verdiklərinin hamısı reallaşıb.
İndi isə Jül Verndən ilhamlanaraq əsərləri elmi fantastikanın məhək daşlarına çevrilən ingilis yazıçısı Herbert Uells və Amerika fantastı Robert Haynlaynın uzaqgörənliyi barədə qısa da olsa danışaq. "Görünməz adam" və "Dünyaların müharibəsi" kitablarının müəllifi Herbert Uellsin gələcəkdən xəbər verən 86 ideyasından 75-i indiyə kimi ya artıq reallaşıb, ya da müasir elmin qənaətlərinə əsasən mütləq həyata keçəcək.
Herbert Uellsin XIX əsrin sonu XX əsrin əvvəllərində yazdığı bir əsərdə atom bombası haqqında üstüörtülü məlumatlar yer alır. Hətta radioaktiv zəhərlənmə, bakterioloji silahlar barədə ilkin təsəvvürləri də onun əsərlərindən ala bilərik. Yazıçının bir əsərində modern mikrobiologiyaya aid məsələlərə də rast gəlmək mümkündür.
Uellsin "Dünyaların müharibəsi" əsərində isə bu gün NASA-nın Marsda kəşf etdiyi bəzi elmi faktlara səthi də olsa toxunulub. UNO gəmisi, onun ətrafa saçdığı yaşıl işıq haqqında ilk məlumatı da yazıçı bu əsərində qeyd edib.
Robert Haynlayn isə öz əsərlərində elmi fərziyyələrlə bərabər, onların gələcəkdə bəşəriyyətə gətirə biləcəyi fəlakətlərin də proqnozunu verib. Amerikalı fantast Xirosima faciəsindən dörd il əvvəl – 1941-ci ildə "Uğursuz nəticə" adlı povestində amerikalıların "Uran-235"dən mərmi hazırlayacağını və müharibənin sonlarında həmin mərmini düşmənin böyük bir şəhərinə atacağını təsvir etmişdi. Təsvirlər o qədər aydın və dəqiq idi ki, yazıçını hərbi sirləri yaydığına görə məsuliyyətə cəlb etmişdilər. Belə ki, həmin ərəfədə ABŞ və İngiltərədə atom silahı ilə bağlı tədqiqatlar artıq başlanılsa da, bu proses son dərəcə məxfi aparılırdı...