KTMT təlimləri başladı – Ermənistan iştirak etmir
Qırğızıstanın “Edelveys” poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Hərəkət Qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təliminin, “Axtarış-2024” və “Eşelon-2024” xüsusi təlimləri başlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat xidməti məlumat verib.
Məlumata görə, təlimlərə ümumilikdə 1,5 minə yaxın hərbi qulluqçu və 300-ə qədər silah, hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, müxtəlif tipli PUA-lar, döyüş katerləri, hava hücumundan müdafiə sistemləri cəlb olunub.
Təlimlərin planına əsasən, hərbi qulluqçular Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə təlim və birgə əməliyyat keçirəcəklər. Təlimlər üç mərhələdə baş tutacaq.
Təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbçilər, həmçinin KTMT katibliyinin və Birləşmiş Qərargahının nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Ermənistan KTMT üzvü olsa da, bu təlimlərdə iştirakdan imtina edib.