Kvebek Universiteti və Monkton Universitetindən olan kanadalı alimlər xoşbəxt həyatı təmin edən əsas psixoloji aspektləri müəyyən ediblər.
Azpost.info bildirir ki, tədqiqat “Motivation and Emotion” (MAE) elmi jurnalında dərc olunub.
Alimlər maraqlı məşğuliyyətə həvəs və o qədər də cəzbedici sayılmayan ev işlərini görmək üçün özünü motivasiya kimi amillərə diqqət yetirib.
Tədqiqatçılar bir neçə il ərzində gəncləri əhatə edən beş təcrübə aparıblar. Bu testlərdə iştirakçıların həvəs, özünütənzimləmə, emosiya və ümumi rifah səviyyələrini qiymətləndirmək üçün sorğular, gündəlik qeydlər və uzun müddətli metodlardan istifadə edilib.
Nəticələr göstərib ki, gündəlik yaşanan harmonik həvəs və özünü motivasiya daha müsbət emosiyalar və rifah hisslərinin artması ilə bağlıdır.
Üstəlik, elm adamları müəyyən ediblər ki, xoşbəxtlik hissinin formalaşması altı ay çəkir. Bu müddət ərzində insan onun üçün maraqlı olan şeylərlə rutin tapşırıqlar arasında tarazlığı saxlamalıdır.
Mütəxəssislərin fikrincə, bu kəşf insanda gündəlik məşğul olacağı ən azı bir hobbinin olmasının vacibliyini vurğulayır. Bu hobbi zaman keçdikcə həyatda ümumi rifah hissi əldə etməyə kömək edir.
Azpost.info