AZ

AFFA millini qorxaq birinə tapşırıb - Şeydayevə heç kimin gücü çatmır?

Millimizdə Fernandu Santuş dönəmi başlayıb.

AFFA-nın çiçəyi burnunda prezidenti Rövşən Nəcəf portuqaliyalı ilə 4 illik müqavilə bağlayıb.

Qoca 2028-cı ilədək buralarda dolaşacaq. Hər halda kağız üzərində qurulan plan bundan ibarətdir.

Belə olacağına isə inanmaq bir qədər çətindir, düzü. Zamanında Portuqaliya, Polqa və Yunanıstan yığmalarını çalışdırmış Santuşun buradakı fəaliyyət yönü fərqli, əvvəlkilərdən qat-qat çətindir.

Uğurlu olsa, nə olacaq, uğursuz olsa, nə olacaq. 69 yaşı var, böyük ehtimalla, Azərbaycan onun sonuncu iş yeridir.

Bitmiş biridir. Oxunmuş «kitab»dır. Üç aylıq «Beşiktaş» dönəmi sübut etdi ki, Santuş yaxşı günlərini çoxdan arxada qoyub, karyerası enişdədir.

Bu, indi onu qətiyyən maraqlandırmır. Getməyə başqa yeri olmadı, Azərbaycana gəldi.

O. artıq ilk səhvini etdi. İsveçlə oyundan sonra yumruğunu masaya bərk çırpmalıydı, duruxub qaldı. Ramil Şeydayev olayını deyirəm.

Penalti epizodundan əvvəl topu Emin Mahmudovun əlindən alıb nöqtəyə yaxınlaşan, zərbəni qola çevirə bilməyəndən sonra heç nə olmamış kimi paltardəyişmə otağına yollanan, ikinci hissədə zəif oyununu davam etdirən Şeydayev barədə baş məşqçinin bu sual-cavabını
xatırlatmaq istəyirəm:

Penalti epizodunda Emin Mahmudovdan topu aldığı üçün Ramil Şeydayevi cəzalandıracaqsız, yoxsa Eminin özünü?

- Komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq.

Dünən o gün idi. Ramil Şeydayev haqda «ölçü»nün götürüləcəyini gözlədiyimiz gün. Aradan 24 saat keçdi, heç bir rəsmi xəbər çıxmadı. AFFA-nın rəsmi saytı, mənsubları, elə Santuşun özü də susdu.

Şeydayev təkəbbürlüdür. Özünü başqa futbolçulardan üstün tutur. Mahmudovla bir neçə saniyəlik mübahisə edib topu əlindən almasını başqa cür qələmə vermək mümkün deyil.

Yaşı 69-a çatmış çalışdırıcı yeni komandasında suyu bulandıran əsas adamın kimliyini o anda dərk etməli, ertəsi gün, yəni dünən düşərgədən uzaqlaşdırılması haqda qərarı verməli idi.

Santuş millidəki əksər oyunçuların Ramilin özünü aparma tərzindən, saymazyana münasibətindən, xasiyyətindən xoşlanmadığını bu bir neçə gün ərzində hiss etməyibsə, ağlı gedib onda.

Kimsən axı sən? Baş məşqçi kollektivin içində bu sualı Şeydayevə ünvanlamalı, cavabını gözləmədən qapını açıb, «sənə yaxşı ol, bir də gözümə görünmə» söyləməli idi.

Ab-havanı düzəltmək, özünü futbolçulara sevdirmək, həm də bununla burada yeganə güc sahibi olmasını onlara göstərmək üçün. Bunu icimaiyyətə nümayiş etdirməsi gərəkirdi, onda nüfuzu da qalxacaqdı.

Aramızdan biri çıxıb deməyəcəkdi ki, Ramil vazkeçilməzdir, toxunulmazdır, Məlum hərəkətlə publikanın antipatiyasını qazanmış hücumçuya yerini başa salmayan Santuş bu 1 gün içində çox şey itirdi.

Şeydayevi cəzalandırmamaqla digər futbolçuları istədiklərini etməyə üz vermiş oldu. Sabah onlar da onun gözü önündə min hoqqadan çıxacaq, təpəsində qoz sındıracaq.

Yaşına, başına, keçmişdə qazandıqlarına baxmadan.

MUSA

Seçilən
74
sportinfo.az

1Mənbələr